BAKI, 30 noyabr — Sputnik. Üç azərbaycanlı uşaq Rusiyanın İrkutsk vilayətinin Nijneudin rayonunun Xudoelansk qəsəbəsindəki evdə baş verən yanğın nəticəsində həlak olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İrkutskın Weacom.ru nəşri məlumat yayıb.
Bir, iki və üç yaşlı üç uşaq gecə vaxtı evdə tək olublar və yanğın nəticəsində ölüblər. Məlum olub ki, bu uşaqların atası Azərbaycan vətəndaşıdır. İl yarım bundan əvvəl o, Azərbaycana deportasiya edilib. Uşaqların 24 yaşlı anası isə faciə baş verən gecə uşaqları evdə tək qoyub bara işləməyə gedib.
Qonşuların sözlərinə görə, qadın daim işləyirmiş ki, uşaqlar çətinlik çəkməsin. Anaları işdə olan vaxt, uşaqların yanında nənələri qalırmış. Həmin faciənin baş verdiyi gün qadın körpələri yatağa uzadaraq tanışıgilə gedib və gecəni onlarda keçirib.
Yanğın səhər başlayıb. Qonşular uşaqlara kömək etməyə cəhd göstərsələr də, çox gec olub. Uşaqların ikisinin cəsədi çarpayının altında tapılıb. Qorxmuş uşaqlar çarpayının altına girərək alovdan gizlənirlərmiş. Məlumata görə, yanğının baş verdiyi ərazi cəmi 3 kv. metr təşkil edib.
Faktla bağlı cinayət işi açılıb.