Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Rayon sakinləri təşviş içərisindədirlər, nə edəcəklərini də bilmirlər

© Sputnik / Rahim MuradovLənkəran rayonu Osakücə kəndi
Lənkəran rayonu Osakücə kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
İndi kənd sakinlərini belə bir sual düşündürür, görəsən, çaqqalı öldürən sakini cərimə gözləyirmi?

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 28 noyabr – Sputnik. Ötən ay Lənkəran rayonu Şürük kəndi ərazisində 4 yaşlı uşağın çaqqal hücumuna məruz qalması xəbərini vermişdik. Özü də həmin gün uşağa hücum edən çaqqal bir neçə saat sonra onun anasına, ardınca isə küçədə avtomobilini yuyan dayısına hücum edib.

Alıyevlər ailəsinin həyətyanı sahəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Çatanda gördüm ki, canavar bacımın başını gəmirir..."

Bu dəfə isə rayonun başqa digər hissəsində yerləşən kəndin sakini çaqqal hücumuna məruz qalıb. Osaküçə kənd sakini Südabə Həsənova səhər 06:30-da toyuq-cücənin səsinə qalxdığını deyib: “Gördüm çaqqal pilləkən tərəfdə toyuqları çıxarıb boğub. Həyətə düşmək istəyəndə üstümə tullanıb sifətimi dişləmək, məni boğmaq istədi. Tez üzümü torpağa tutdum ki, sifətimi cırmasın. Elə həmin an dişi ilə əlimdən tutdu. Səsə yoldaşım gəldi. Çaqqal onun üstünə tullandı ki, sifətindən yapışsın. Lakin kişi cəld tərpənib onun ağzını cırdı. O, heyvanın ağzını cırmasaydı, kişini boğacaqdı”.

Hadisədən sonra S.Həsənovanın səhhətində problem yaranıb və onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Qadın, tibbi yardım göstərdikdən sonra evə buraxılıb. Lakin bir neçə saat sonra onun halı yenə pisləşib və yenidən həmin xəstəxanaya aparıblar. Hazırda xəstəxanada olan Südabə Həsənovanın vəziyyəti yaxşılaşıb.

© Sputnik / Rahim MuradovLənkəran rayonu Osakücə kəndi
Rayon sakinləri təşviş içərisindədirlər, nə edəcəklərini də bilmirlər - Sputnik Azərbaycan
Lənkəran rayonu Osakücə kəndi

Osaküçə kəndinin 68 yaşlı sakini, ixtisasca bioloq olan Sərhad Əliyev kəndlərində belə hadisə ilə ilk dəfə rastlaşdığını vurğulayıb: “Əvvəllər də, yəni sovet vaxtı da çaqqallar olardı, amma boş ərazilərdə. Amma kəndə qəti hücum etməzdilər. Çünki həm onlar meşə ərazisində olardı, həm də çaqqalı ovlamağa icazə verilirdi. İndi isə çaqqalı ovlamağa cərimə tətbiq olunub. Çaqqalın yayılmasının ən əsas səbəblərindən biri boş sahələrdə kol-kosların çoxalmasıdır. Çünki çaqqallar çox vaxt kolluqlarda gizlənir. Kənddə evlərin yaxınlığında da kolluqlar çoxdur. İndi gecələr həyətə çıxanda, evlərin yaxınlığında çaqqalların ulaşması eşidilir. Lakin əvvəllər çaqqalların səsi meşədən gələrdi”.

Kənd sakini həyətə düşəndə kolluğun içindən çaqqalın çıxdığını çox gördüyünü deyib. İnsanlara hücum etdiyini isə ilk dəfədir eşidir. Onun fikrincə, bu, mütləq quduzluğun əlamətidir.

“Bir dəfə, 1967-ci ildə Veravul kəndində yaşayan rus qadın inək sağarkən, inək onun əlini dişləmişdi. Qadın xəstəxanaya aparılanda məlum olub ki, inək quduzlaşıb. Sonra həmin inəyin çöllükdə otlayarkən quduz çaqqal tərəfindən dişləndiyi məlum olub. Quduzlaşmış inək də öz sahibini dişləyib. İki aydan sonra həmin qadın vəfat etdi” – deyə Əliyev bildirib.

O əlavə edib ki, bir dəfə də çaqqal kəndin mərkəzi hissəsində, uşaq bağçasının yanında cavan oğlanın çiynindən dişləyib. Həmin günün səhəri eyni çaqqal aşağı məhəllədə başqa bir qadına, sonra isə onun yoldaşına hücum edib.

© Sputnik / Rahim MuradovLənkəran rayonu Osakücə kəndi
Rayon sakinləri təşviş içərisindədirlər, nə edəcəklərini də bilmirlər - Sputnik Azərbaycan
Lənkəran rayonu Osakücə kəndi

Osaküçə kəndində sakinlərə hücum edən çaqqal elə oradaca öldürülüb. İndi kənd sakinlərini belə bir sual düşündürür, görəsən, çaqqalı öldürən sakini cərimə gözləyirmi? Bu sualla 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Ətraf Mühitin Mühafizəsinə Nəzarət Sektorunun müdiri Elnur Əhmədova müraciət etdik. Elnur Əhmədov bildirdi ki, kənd sakini çaqqalı bilərəkdən öldürməyib, buna məcbur olub. Bu halda sakinə heç bir cərimə tətbiq edilmir.

“Nazirlik tərəfindən bildirilib ki, hər hansı bir kənd quduz heyvanlar tərəfindən hücuma məruz qalarsa, kəndin icra nümayəndəsi və ya bələdiyyə sədri bizə rəsmi müraciət etsin. Bundan sonra biz kənddə yaşayan və ov etməyə icazəsi olan ovçulara o çaqqalları və ya hər hansı digər quduz heyvanı vurmağı tapşırırıq. Yox, əgər hər hansı bir şəxs bilərəkdən çaqqalı ovlayarsa, o, “təbiətə dəymiş ziyan” kimi 3 manat 96 qəpik cərimə ödəməlidir. Həmçinin ov qaydalarını pozaraq hər hansı bir heyvanı ovlayarsa, 1000 manatdan 2000 manata qədər cərimə ödəməlidir” – deyən Əhmədovun sözlərinə görə, bu barədə İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində qeyd olunub.

© Sputnik / Rahim MuradovLənkəran rayonu Osakücə kəndi
Rayon sakinləri təşviş içərisindədirlər, nə edəcəklərini də bilmirlər - Sputnik Azərbaycan
Lənkəran rayonu Osakücə kəndi

Öldürülən çaqqalın cəsədini Lənkəran Rayon Baytarlıq İdarəsindən gələn mütəxəssis dezinfeksiya edərək basdırıb. Lənkəran Baytarlıq İdarəsinin rəis müavini Barat Abdullayev çaqqalın basdırıldığı torpağın da dezinfeksiya edildiyini xüsusi vurğulayıb: “Ümumiyyətlə, hər hansı bir ev heyvanda quduzluğun olması şübhəsi varsa, onu mütləq bağlı yerdə saxlamaq lazımdır. Bağlı yerdə qalan heyvan özü öldükdən sonra isə başı kəsilərək Bakıdakı Respublika Laboratoriyasına göndərilməlidir. Orada da həmin heyvanda quduzluğun olub-olmadığı müəyyən edilir. Çünki istənilən heyvanda quduzluğun virusu onun beynində yerləşir”.

“Kənddə sakinlərə hücum edən və öldürülən həmin çaqqalın cəsədindən nümunə götürdünüzmü” sualına cavab verən Abdullayev deyib ki, həmin çaqqal quduzluq xəstəliyindən ölmədiyindən, ondan nümunə götürmək olmaz: “Camaata hücum etdiyi üçün öldürülüb və onun cəsədi nümunə üçün yararsızdır. Həmçinin, çaqqalı tutub bir yerdə bağlamaq çox çətindir, xüsusən də o quduzluğa yoluxanda. Əgər hər hansı bir ev heyvanı quduzluq xəstəliyinə yoluxarsa, ilk növbədə Rayon Baytarlıq İdarəsinə müraciət edilməlidir. Evdə saxlanılan it də quduz olarsa bağlı şəraitdə saxlanılmalıdır. Quduzluq tutan heyvanlar qeyri-təbii hərəkətlər edərlər. Vətəndaş ev heyvanının gözlərində bərəlmə, ağızlarında köpüklənmə əlamətlərini aşkar edərsə dərhal lazımi instansiyalara müraciət etməlidir. Çünki bu xəstəlik ağız suyu vasitəsilə keçir. İndi bütün ev heyvanları bizim idarənin əməkdaşları tərəfində quduzluğa qarşı peyvənd olunur. Çünki heyvan quduzluq xəstəliyinə yoluxarsa, artıq iqtisadi cəhətdən yararsız olur”.

© Sputnik / Rahim MuradovLənkəran rayonu Osakücə kəndi
Rayon sakinləri təşviş içərisindədirlər, nə edəcəklərini də bilmirlər - Sputnik Azərbaycan
Lənkəran rayonu Osakücə kəndi

Lənkəran Mərkəzi Rayon Xəstəxanasının həkim-infeksionisti Zəfər Fərzəliyev isə insanın quduz heyvanın hücumuna məruz qaldığı təqdirdə nə etmək lazım olduğu diqqətə çatdırıb: “Quduzluq təhlükəli xəstəlikdir. İnsan hər hansı bir quduz heyvan tərəfindən dişlənilərsə dərhal xəstəxanaya çatdırılmalıdır. Yaralanan şəxs anti-rabies kabinetinə aparılır və orada yara və yaxud dişlənən sahə cərrahi formada işlənilir və dərhal da quduzluğa qarşı iynə vurulur”.  

Xəbər lenti
0