BAKI, 27 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Sputnik Azərbaycan prezidentin saytına istinadla xəbər verir ki, görüşdə həmçinin Azərbaycan tərəfdən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə, Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri, 1-ci dərəcəli dövlət müşaviri Fuad Ələsgərov və iqtisadi inkişaf naziri Şahin Mustafayev iştirak edib.
Ramzan Kadırov Rusiya Federasiyasına bağlı Çeçenistan Respublikasının üçüncü dövlət başçısıdır. O, RF-dakı respublika başçıları içində ən populyar şəxslərdən biridir. Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu, ölkənin müsəlman əhalisi arasında ciddi nüfuz sahibidir. O, dəfələrlə Azərbaycana səfər edib.