BAKI, 26 noyabr — Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov və Rusiyanın digər məşhurları "Moskva 24" telekanalının Analar Gününə həsr olunmuş və Rusiyada noyabrın 25-də qeyd olunan "Mama ya nadel şapku" (Ana mən papağımı geymişəm) fləşmobunda iştirak ediblər.
Sputnik Azərbaycan-ın məlumatına görə, fləşmobun videoçarxı telekanalın Youtube səhifəsində yerləşdirilib. Fləşmobun şərtlərinə görə, iştirakçılar papaqlarını geyindikləri videonu öz analarına göndərməlidirlər. Sonra bu videonu özlərinin sosial şəbəkələrdəki səhifələrində #mamayanadelşapku həştağı ilə paylaşmalıdırlar. Fləşmobda iştirak edən ulduzlar papaqlarını geyinərək analarına "Ana mən papağımı geymişəm" deyə xitab ediblər.
Sözügedən fləşmob Rusiyada sosial şəbəkələrdə əsl partlayış yaradıb. Fləşmobda azərbaycanlı Eminlə yanaşı Soso Pavliaşvili, Andrey Malaxov, Yuliya Naçalova, Alsu və digərləri kimi rusiyalı məşhurlar da iştirak edib.