Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 26 noyabr - Sputnik. Astara rayonu ərazisində piyada ölümü ilə nəticələnən qəza baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ələt-Astara magistral yolunun Astara rayonu Pensər kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 1974-cü ilə təvəllüdlü Astara şəhər sakini Nahid Əbilov idarə etdiyi “GAZ El” markalı mikroavtobusla sərxoş halda olan və yolun hərəkət hissəsinə çıxan 1970-ci il təvəllüdlü Astara rayonu Maşxan kənd sakini Rafiq Teymurovu vurub. Nəticədə xəsarət alan R.Teymurov Astara Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, Rafiq Teymurovun üzərində 2 ədəd araq şüşəsi olub. Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Qəza hadisəsi araşdırılır.