Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Standart 10, 20, 30 manatlıq vergi növü tətbiq ediləcək, üstəlik başqa təkliflər də var

© Sputnik / Murad OrujovMaliyyə hesabatı, arxiv şəkli
Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Tədricən əlavə dəyər vergisinin ləğv edilməsi barədə düşünməliyik, ƏDV iqtisadi fəallıq, inkişaf üçün çox ciddi maneə təşkil edən bir vergidir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Azərbaycanda bəzi fəaliyyət növləri sadələşdirilmiş vergiyə cəlb edilir. Bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

İaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar. Ofisiantlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 30 manat, bərbərlər 20 manat, dərzilər 10 manat ödəyəcəklər.

© Sputnik / Murad OrujovDövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov
Standart 10, 20, 30 manatlıq vergi növü tətbiq ediləcək, üstəlik başqa təkliflər də var - Sputnik Azərbaycan
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov

Sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət növlərinin sayının artırılmasını ekspertlər Sputnik Azərbaycan-a şərh ediblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov sadələşdirilmiş vergiyə keçidi düzgün addım kimi qiymətləndirir: "Tədricən əlavə dəyər vergisinin (ƏDV) ləğv edilməsi barədə düşünməliyik. ƏDV iqtisadi fəallıq, inkişaf üçün çox ciddi maneə təşkil edən bir vergidir. Ona görə də ƏDV-nin tədricən ləğv edilməsinin tərəfdarıyam. Tədricən satışdan və satış həcmindən, dövriyyəsindən yığılacaq vergilərin tətbiqi faydalıdır. Bunun üçün də Azərbaycan iqtisadiyyatında bu vergi manevrinin edilməsi üçün bütün şərait var".

"Azərbaycanda təbii rentanın yüksək səviyyədə olması tam şəkildə imkan verir ki, real sektorun inkişafı baxımından zərərli olan vergilərin azaldılmasına və tədricən ləğv olunmasına gedə bilək. Vergi sahəsində aparılan islahatları müsbət qiymətləndirirəm. Amma daha ardıcıl, sistemli və kompleks islahatlar aparılmalıdır" - deyə o bildirib.

Onun sözlərinə görə, məsələn, fiziki şəxslər, onların gəlirlərindən tutulan vergilərdən önəmli dərəcədə azad edilirsə, hüquqi şəxslərin də vergilərinin azaldılmasına gedilməlidir: "Əks halda, bu, təhlükəli presedent yarada bilər ki, hüquqi şəxslər faktiki olaraq vergi yükünə cəlb olunan gəlir bazasını fiziki şəxslərin üstünə atsın. Belə olan halda vergidən yayınma halları arta bilər".

"Bunun baş verməməsi üçün mütləq şəkildə kompleks islahatlar getməlidir ki, vergi yükü bütövlükdə azaldılsın və vergi yükü qeyri-neft sektorundan azaldılaraq daha çox neft sektorunun üzərinə qoyulsun. Bu formatda real sektorun inkişafına gedə bilərik" - deyə E.Məmmədov vurğulayıb.

Sadələşdirilmiş vergiyə cəlb edilən fəaliyyət növlərinin sayının artırılmasına gəlincə, ekspert deyib ki, bunlar xidmət sahələrinə aiddir: "Onlardan yığılacaq vergi elə də böyük məbləğdə olmayacaq. Ona görə bütün həmin sahələrdə vergi yükü azaldılmalıdır. Çünki o sahələrdə böyük bir mənfəət bazası, vergi bazası yoxdur. Ona görə vergi manevrini genişləndirərək vergi yükünün qeyri-neft sektorundan önəmli dərəcədə götürülməsinə və neft sektorundan əldə olunan gəlirlərin ölkə iqtisadiyyatında dövriyyə etməsinə və investisiya şəklində yönləndirilməsinə nail olmalıyıq".

© Facebook / natig.jafarliİqtisadçı-ekspert Natiq Cəfərli
Standart 10, 20, 30 manatlıq vergi növü tətbiq ediləcək, üstəlik başqa təkliflər də var - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, sadələşdirilmiş vergi dərəcəsinin kifayət qədər məhdudlaşdırılması baş verəcək: "Amma burada rəqabət hüququnun pozulması da müşahidə olunacaq. Bu məsələyə yenidən baxmağa ehtiyac yaranacaq. Məsələn, hüquq xidməti göstərənlər hüquqi şəxslərə xidmət göstərsə, 20 faiz, fiziki şəxslərə xidmət göstərsə, 4 faiz vergi ödəyəcəklər. Burada rəqabət hüququ pozulur".

Bərbərlər, dərzilər və digər fəaliyyət növü ilə məşğul olanlara gəlincə, Cəfərli bildirib ki, ölkədə iqtisadi fəaliyyətlə məşğul olan hər kəsin müəyyən dərəcədə vergi verməsi doğru yanaşmadır: "Qazanc əldə edirsənsə, vergi öhdəliklərini yerinə yetirməlisən. Bu sahədə şəffaflığın təmin olunmasına da ciddi ehtiyac yaranıb. Çünki sadalanan sahələrdə gizli iş yerlərinin olması kifayət qədər geniş yayılıb".

"Bizdə gizli iş yerləri həm ticarət, həm də xidmət sahəsində geniş yayılıb. Bunların həm də leqallaşması prosesi baş verəcək. Vergi dərəcələrinin artırılması yolu ilə onların qazandıqları vəsaitin bir qisminin büdcəyə daxil olması da təmin ediləcək" - ekspert bildirib.

Onun fikrincə, ancaq elə bir mexanizmlər hazırlanmalıdır ki, həmin fəaliyyət növü ilə məşğul olanlar açıq şəkildə qeydiyyatdan keçməkdə maraqlı olsunlar: "İlkin mərhələdə onlara təşviq proqramları təklif edilməlidir ki, leqallaşma asanlaşsın. Sırf cəza, ciddi nəzarət yolu ilə bunu etmək mümkün olmayacaq. Bəzi fəaliyyət növləri ilə məşğul olanlar, obrazlı desək, ofislərdən evlərə köçə bilər. Rəsmi fəaliyyətdən kənarlaşsın deyə, dərzi artıq evində fəaliyyət göstərə bilər".

"Bunun qarşısını almaq üçün təşviq addımları atılmalıdır. Onların bir qismi üçün mikrokreditlərə çıxış imkanları təmin edilə bilər ki, qeydiyyatdan keçməyə maraq yaransın" – deyə müsahibimiz vurğulayıb.

Xəbər lenti
0