BAKI, 23 noyabr — Sputnik. Noyabrın 19-da "Biləsuvar" dövlət sərhədindən buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından (İİR) Azərbaycan Respublikasına gələn İİR vətəndaşları - 1991-ci il təvəllüdlü Zahareh Chin Yavər Chaparın və 1992-ci il təvəllüdlü Ghahremani Moglanlov Mehdinin üzərinə sərhəd və gömrük baxışı keçirilib, hər iki İran vətəndaşı daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olunduğuna görə saxlanılıb.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat verilib.
2018-ci ilin 20 noyabr tarixində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində isə, DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu Qaravuldaş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz tapılmış 1 ədəd bağlamada 990 ədəd "Metadon" psixotrop həb, 655 qram marixuanaya və 505 qram prekursora bənzər maddə aşkar edilərək götürülüb.
Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.