BAKI, 22 noyabr — Sputnik. "Son günlər problemli kreditlərə güzəştlərin edilməsi məsələsi yenidən gündəmə gəlib. Gürcüstan hökumətinin problemli kreditləri bağışlaması qərarından sonra Azərbaycanda da belə bir addımın atıla biləcəyi müzakirə edilir. Xarici valyutalarda olan kreditlərə güzəştlərin edilməsinin tərəfdarı kimi 2015-ci ilin aprelində "üç tərəfli güzəşt mexanizmi" ilə bağlı təkliflərimi hökumətə təqdim etmişdim". Sputnik Azərbaycan xəbər verir ki, bunu iqtisadçı-alim Vüqar Bayramov öz "Facebook" səhifəsində güzəştli kreditlərlə bağlı şərhində qeyd edib.
"2015-ci ilin apreli ilə müqayisədə bu kreditlərin əsas məbləğinin həcminin azaldığını nəzərə alsaq fərqin bank və Mərkəzi Bank tərəfindən kompensasiya edilməsi daha məqsədəuyğun olardı. Yəni, 2015-ci ildə 3 təfəfli güzəşt mexanizmi aktual idisə, hazırda 2 tərəfli yanaşma daha uyğundur. Çünki əvvəlki təklif olunan güzəşt mexanizminin əsas iştirakçısı olan vətəndaşların müəyyən hissəsi artıq ödənişlər ediblər. 1 dollar 0.78 manat məzənnəsi ilə 30 faizlə 10 min 000 min dollar kredit götürən vətəndaşın ilkin öhdəliyi 10 140 manat idisə devalvasiyalardan sonra bu rəqəm 22 min 100 manatadək yüksəlib. Təklif olunan mexanizm tətbiq edildikdə Mərkəzi Bank sözügedən kredit üzrə 11 min 960 manatı qarşılamış olur. Kredit borcu olan şəxs isə 10 min 140 manat öhdəliyini yerinə yetirmiş olur" – deyə V.Bayramov əlavə edib.
İqtisadçı manatla kredit götürənlərə güzəştlərin edilməsinə ehtiyac olub, olmadığı haqda da fikirlərini bildirib: "Manat ilə götürülən kreditlərə də güzəşt tətbiq edilə bilər. Çünki devalvasiya kredit öhdəliyi olan vətəndaşın xərclərini artırıb. Bu səbəbdən manat ilə kreditin qaytarılması üçün ailə büdcəsinin ayrılan məbləğinin həcmi azalıb. Digər tərəfdən, bu kreditlər üzrə faizlər yüksək olduğundan da həmin kreditlərin qaytarılması müəyyən çətinliklər yaradır. Məsələn, 30 faizlə 10 min manat kredit götürən vətəndaş əsas məbləği qaytarır, faiz isə (təxminən 3 min manat) bank və Mərkəzi Bank tərəfindən kompensasiya edilir".
V.Bayramovun sözlərinə görə, xarici valyutada kredit götürüb və artıq öhdəliyini ödəyən vətəndaşlar üçün güzəştlər tətbiq edilə bilər: "Devalvasiyadan 3 ildən çox zaman keçdiyi üçün bu müddətdə borc öhdəliklərini artıq yerinə yetirmiş vətəndaşlarımız üçün digər stimullaşdırıcı addımlar atıla bilər. Məsələn, onlar yenidən kredit alamq üçün müraciət etdikdə daha aşağı faizlə borc əldə etmək hüququ qazana bilərlər. Sözügedən vətəndaşlar üçün təşviq mexanizmlərinin işlənib hazırlanması mümkündür".
Alim dövlət büdcəsinin bu güzəştlərə nə dərəcədə hazır olub, olmaması haqda da fikirlərini bildirib: "Kompensasiyasının təklif olunması üçün ölkəmizin maliyyə imkanları var. Bu birdəfəlik ödəniş olduğu üçün hökumətə gələcək zaman öhdəliyi yaratmır. Hazırda Mərkəzi Bankın son məlumatına görə, vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 748 milyon manatdır. Bu isə o deməkdir ki, hətta qeydiyyata düşməyən problemli kreditlərin də məbləğini nəzərə alsaq, təklif edilən istiqamətlər üzrə güzəştlərin məbləği təxminən 1 milyard manat olacaq. Mərkəzi Bank və yüksək faizli kreditlərdən faydalanan banklar bu məbləği qarşılaya bilər".