Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Xaricdən gətirilən siqaretlər bahalaşacaq, yerli istehsalçıların da "barmağı tətikdədir"

© Sputnik / Murad OrujovПачки сигарет, фото из архива
Пачки сигарет, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Təəssüf ki, bizdə əksər zaman xaricdən gətirilən məhsulların qiyməti artan kimi, yerli istehsalçılar da öz məhsullarının qiymətlərini buna uyğunlaşdırırlar"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. "İdxal edilən tütün məmulatlarına daha yüksək aksiz dərəcələrinin tətbiq edilməsi labüddür". Bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

"Tütün məmulatlarına aksizlərin artırılması nəzərdə tutulur. Bir tərəfdən ölkədə aksiz məbləği kifayət qədər aşağıdır. Digər tərəfdən, idxal ilə yerli istehsal arasında aksiz nöqteyi-nəzərdən heç bir fərq yoxdur. Düşünürük ki, bu, vahid rəydir, həm Maliyyə, həm də İqtisadiyyat nazirlikləri hesab edir ki, yerli istehsalçıları bu sahədə dəstəkləməyə ehtiyac var. İdxal edilən tütün məmulatlarına daha yüksək dərəcələrdə aksiz vergisinin tətbiqi labüddür" - deyə vergilər naziri bildirib.

Maraqlıdır, idxal edilən tütün məmulatlarına daha yüksək dərəcələrdə aksiz vergisi tətbiq edilərsə, bu, siqaretin qiymətinə necə təsir edəcək? Ekspertlər Sputnik Azərbaycan-ın bu sualını cavablandırıblar.

© Sputnik / Murad OrujovDövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov
Xaricdən gətirilən siqaretlər bahalaşacaq, yerli istehsalçıların da barmağı tətikdədir - Sputnik Azərbaycan
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib ki, bu məsələ daxili istehsalçıların istehsal etdikləri məhsullara qiymətlərin hansı şərtlərlə qoyulmasından ciddi şəkildə asılıdır: "Əgər daxili istehsal nöqteyi-nəzərindən inhisar meylləri, inhisarçılıq olacaqsa, bu, qiymət artımı ilə müşahidə ediləcək. Çünki idxalçılara rüsumlar artırılsa, daxili istehsalçılarda da rəqabət mühiti olmasa, onda daxili istehsalçılar öz məhsullarının qiymətlərini artıraraq qiymət artımına səbəb olacaqlar".

Onun sözlərinə görə, bu baxımdan məsələyə kompleks yanaşmaq lazımdır: "Əgər ancaq yerli istehsalçıların maraqları qorunsa, yerli istehlakçıların maraqları nəzərə alınmasa, onda bu, qiymət artımına, inflyasiya spiralının inkişaf etməsinə xidmət edəcək. Düzdür, bunun sosial tərəfi - tütün məhsullarından istifadənin orqanizmə zərəri ilə bağlı da məsələlər var. Amma digər tərəfdən, biz anlamalıyıq ki, qiymət artımı inflyasiyanın və ümumilikdə, sosial-iqtisadi göstəricilərin kəskin şəkildə pisləşməsinə səbəb ola bilər".

"Əslində, idxal rüsumlarının artırılması daxili bazarın qorunması, qeyri-neft real sektorunun ölkədə inkişafı üçün lazımdır. Ona görə bu addımı dəstəkləyirəm. Amma bir şərtlə ki, daxili bazarda rəqabət mühiti formalaşsın, daxili bazara investorların gəlməsi prosesi sürətləndirilsin, inhisarçılıq olmasın. Bu halda idxal rüsumlarının artımı müsbət nəticələrə səbəb ola bilər"- deyə professor bildirib.

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, hökumətlər yerli istehsalı qorumaq üçün gömrük və vergi alətlərindən istifadə edərək, daxili istehsalın artırılmasına və genişləndirilməsinə çalışır: "Amma bu zaman hesablamalar aparılmalıdır ki, daxili istehsal yerli istehlakı ödəməyə kifayət edir, yoxsa, yox. Hər hansı bir mal və məhsul növü üzrə daxili istehsal kifayət qədər yüksəkdirsə, belə bir addımın atılması məntiqlidir və yerli istehsalçıya müəyyən qədər dəstək verir".

© Facebook / natig.jafarliİqtisadçı-ekspert Natiq Cəfərli
Xaricdən gətirilən siqaretlər bahalaşacaq, yerli istehsalçıların da barmağı tətikdədir - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Natiq Cəfərli

Ekspert deyib ki, Azərbaycanda bu yaxınlarda tütün zavodu açıldı və o zavod yerli istehlakın bir hissəsini ödəmək qabiliyyətində ola bilər: "Güman ki, burada gələn ildən istehsal başlanacaq. Amma gömrük və vergi rüsumlarının artması, ümumiyyətlə, tütün məmulatlarına aksiz vergilərinin yüksəldilməsi yerli bazarda məhsulların qiymətinin artmasına səbəb olacaq. Yəni ciddi qiymət artımı müşahidə olunacaq".

"Təəssüf ki, bizdə əksər zaman xaricdən gətirilən məhsulların qiyməti artan kimi, yerli istehsalçılar da öz məhsullarının qiymətlərini buna uyğunlaşdırırlar. Məsələn, toyuq istehsalında bunu gördük. Yerli istehsalçılara dəstək üçün xaricdən gətirilən toyuq məmulatlarının gömrük rüsumları artırıldı, amma, daxili istehsalçılar da bir müddət sonra öz məhsullarının qiymətlərini qaldırdılar və xaricdən gətirilən məhsulların qiymətinə uyğunlaşdırdılar. Bu sahədə ciddi araşdırma apardıqdan sonra addımlar atmaq lazımdır" - Cəfərli vurğulayıb.

"Dünyanın bir çox ölkələrində vergi və gömrük rüsumlarının artırılması yolu ilə məhz alkoqollu içkilərin və tütün məmulatlarının qiymətlərinin bahalaşması və bununla da sağlam həyat tərzinə təşviq ilə bağlı addımlar atılır. Bu, sosial məsələ olmadığına görə ciddi etiraz doğuracağını düşünmürəm"- deyə o, əlavə edib.

Qeyd edək ki, noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında "Tabaterra" Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabriki işə düşüb. Fabrikdə il ərzində 11 milyard ədəd 3 növdə filtrli siqaretlər istehsal ediləcək. Bu isə ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini ödəyəcək.

Xəbər lenti
0