Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 21 noyabr - Sputnik. Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından Qax rayonunun Şotavar kəndində anadan olmuş, 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb.
Qeyd edək ki, mərhum Gəncədə yerləşən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində gizir olub.
Mərhum bu gün dəfn olunub.
Xatırladaq ki, noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib. Nəticədə 3-cü blokun bir hissəsi çöküb.
Ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib.