BAKI, 20 noyabr - Sputnik. Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş partlayış və uçqun nəticəsində həlak olanların sayı artır. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dağıntılar arasından daha 2 meyit çıxarılıb. Onlardan biri kişi, digəri qadındır.
Bununla həlak olanların sayı 3-ə çatıb. Daha bir nəfər isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Qurbanlarının sayının artacağı istisna edilmir.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gedib. Sputnik Azərbaycan Fövqəladə Hallar Naziriliyinə istinadən xəbər verir ki, nazir Kəmaləddin Heydərov qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var.