BAKI, 19 noyabr — Sputnik. Səyyar ASAN xidmət 24 oktyabr – 22 noyabr Biləsuvarda, 29 oktyabr - 27 noyabr Şirvanda, 7 noyabr – 6 dekabr Qusarda, 8 noyabr – 22 dekabr Dəllər qəsəbəsində, 10 – 29 noyabr Ağdaşda, 12 noyabr – 11 dekabr Xırdalan və Şamaxıda, 12 – 26 noyabr Tərtərdə, 14 noyabr – 3 dekabr Biləcəri qəsəbəsində, 20 noyabr - 4 dekabrda isə Göygöldə vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Sputnik Azərbaycan "ASAN Xidmət"in mətbuat xidmətinə istinadən xəbər verir ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
- Notariat fəaliyyəti;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Əmək pensiyalarının təyin edilməsi;
- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
- "Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər.