CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın şimal giriş-çıxışında "barrikada" qurulub - "20 Yanvar" keçilməz!

© Sputnik / Irade JELIL"20 Yanvar" metrostansiyası yaxınlığında qanunsuz fəaliyyət göstərən taksi sürücülərinə qarşı reyd
20 Yanvar metrostansiyası yaxınlığında qanunsuz fəaliyyət göstərən taksi sürücülərinə qarşı reyd - Sputnik Azərbaycan
Abunə olmaq
Taksi sürücülərinin təklifləri var, BNA çıxış yolları axtarır, DYP reyd keçirir

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 19 noyabr — Sputnik. Günün pik saatlarında, yəni hər kəsin işdən çıxaraq evə tələsdiyi vaxtda "20 Yanvar" metrostansiyasının ətrafında böyük sıxlıq müşahidə edilir. Müxtəlif səbəblərdən qaynaqlanan sıxlığı aradan qaldırmaq üçün, dəfələrlə müəyyən addımlar atılsa da, problem həllini tapmayıb.

Sputnik Azərbaycan-ın əməkdaşı sözügedən ərazidə sıxlığın yaranma səbəblərini aydınlaşdırmağa çalışıb. Bunun üçün öncə "20 yanvar" dairəsi adlanan əraziyə yollanaraq, oradakı taksi sürücüləri ilə həmsöhbət olub. Sürücülər mövcud problemin həlli üçün öz təkliflərini səsləndiriblər.

Sürücü Ziya Hüseynovun fikrincə, ərazidə sıxlıq yaradan ən böyük problem dayanacaqlardır: "Avtobus dayanacaqlarını daha uzaq məsafəyə daşımaqla buradakı sıxlığı aradan qaldırmaq mümkün ola bilər. Dövlət Yol Patrul Xidmətinin əməkdaşları ərazidə olarsa, günün pik vaxtlarında bu sıxlıq aradan qalxar".

© Sputnik / Nigar Meherrem"20 Yanvar" dairəsində tıxac
Paytaxtın şimal giriş-çıxışında barrikada qurulub - 20 Yanvar keçilməz! - Sputnik Azərbaycan
"20 Yanvar" dairəsində tıxac

Digər sürücü İlqar Atayev də ərazidəki taksilərin sıxlıq yaratdığını düşünmür: "Əksinə, 1 manatlıq taksilər olmasa, Xırdalan və Sumqayıt istiqamətinə gedəcək sərnişinlər burada sıxlıq yaradar. Bu ərazidəki sıxlıq, əsasən, bəzi yolların dar olması ilə əlaqədardır. Müəyyən ərazilərdə yollar genişləndirilsə də, avtovağzalın yuxarı ərazisi dar olaraq saxlanılıb. Həmin yol "butulka"nı xatırladır. Sumqayıtdan Bakıya ikinci giriş olarsa, problem az da olsa, həllini tapar. Çünki nəqliyyatın hərəkəti üçün Binəqədi və Biləcərinin daxili yolları yararsızdır".

Sürücü Elvin Məmmədli isə, bu ərazinin, hələ sovet dövründə taksilərin dayanacaq məkanı olduğunu əsas gətirib: "20 Yanvar" dairəsi şimal girişindən gələn sərnişinlərin Bakıda düşdüyü ilk dayanacaqdır. Xırdalan və Sumqayıt istiqamətinə gedən sərnişinlər də bu dayanacaqdan yola düşürlər. Bu səbəbdən də "20 Yanvar" dairəsi taksi sürücüləri üçün əlverişli yerdir".

"Taksilərin yol qırağında dayanması yolverilməzdir. Lakin bu, o demək deyil ki, həmin avtomobil vasitələri bu ərazidən qovulmalıdır. Onları oradan qovsaq, yenə də fırlanıb həmin əraziyə qayıdacaqlar. Taksilər üçün müəyyən ərazi ayrılsa, problemi həll etmək mümkün olar. Köhnə avtovağzal adlanan ərazini taksi sürücüləri üçün dayanacaq yeri etsələr, daha məqsədəuyğun olar. Sərnişinlərin bu əraziyə axını üçün metronun çıxışını həmin istiqamətə yönləndirmək lazımdır" - Məmmədli bildirib.

Əməkdaşımız sürücülərin təkliflərini dinlədikdən sonra məsələyə aidiyyatı qurumların münasibətini öyrənib. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev qeyd edib ki, BNA tərəfindən təkcə "20 Yanvar" metrostansiyası ərazisində deyil, o cümlədən şimal ərazisindən girişdə nəqliyyatın kompleks təşkili üçün bir sıra layihələr irəli sürülüb. Bu layihələrdə "20 Yanvar" dairəsindən Tbilisi prospekti istiqamətinədək nəqliyyat şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub.

BNA sözçüsü adıçəkilən dairəyə bağlı olan bir sıra ərazilərdə də nəqliyyatın normal axınını təmin etmək üçün tədbirlərin görüldüyünü bildirib: "Artıq 3-cü mikrorayon ərazisində də nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər yekunlaşmaq üzrədir. Son tamamlama işlərindən sonra 3-cü mikrorayon ərazisində işıqforlar da işə düşəcək. Bununla da həmin ərazidə gündəlik olaraq müşahidə edilən sıxlıq səngiyəcək. Bundan başqa, "20 Yanvar" dairəsinə bağlı olan 4-cü mikrorayon ərazisi və "Memar Əcəmi" metrostansiyası ətrafında da nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün tədbirləri görülür".

"Bakı Nəqliyyat Agentliyi tərəfindən "20 Yanvar" dairəsi ilə bağlı verilən təkliflərdən yalnız biri icra olunub. Bu da işıqforların quraşdırılması ilə bağlıdır. Lakin təkcə işıqforları quraşdırmaqla problemi həll etmək olmaz. Oradakı dayanacaq məntəqələrinin yeri dəyişdirilməlidir. Eyni zamanda, Mətbuat prospekti və Şərifzadə küçəsindən bu əraziyə daxil olan nəqliyyat vasitələrinin axınını kanallaşdırmaq üçün müəyyən adacıqlar təşkil olunmalıdır. Düşünürəm ki, müvafiq qurumlarla razılıq əldə edildikdən sonra bu layihənin də icrasına başlanılacaq" – deyə M.Ağayev əlavə edib.

Agentlik təmsilçisi onu da vurğulayıb ki, avvtobus dayanacaq məntəqələrinin yerinin dəyişdirilməsi də nəzərdə tutulub: "Lakin yalnız dayanacaqlar deyil, qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanlar, avtomobilini yolun kənarında saxlayanlar da hərəkətdə mane yaradırlar. Bu cür hallarla da mübarizə aparılacaq".

20 Yanvar metrostansiyası yaxınlığında qanunsuz fəaliyyət göstərən taksi sürücülərinə qarşı reyd - Sputnik Azərbaycan
HADİSƏ
Bakı sakinlərinin "yaralı yeri" ilə mübarizə başladı, ilk həmlə baş tutdu

"Hazırda agentliyimiz tərəfindən yalnız xüsusi proqram təminatı olan planşetlər vasitəsi ilə dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirləri görülür. Yaxın vaxtlarda qanunvericiliyə dəyişiklik edilməlidir. Bu dəyişiklikdən sonra foto-video qeydinə imkan verəcək xüsusi avadanlıqlar vasitəsi ilə belə halları yaradan sürücülərə qarşı mübarizə aparılacaq. Düşünürəm ki, bununla da "20 Yanvar" metrostansiyası qarşısında qanunsuz parklanmanın qarşısı alınmış olacaq" – deyə mətbuat katibi əlavə edib.

Sözügedən ərazidə müşahidə olunan sıxlığa səbəb olan amillər haqqında Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun da fikrini öyrəndk. O bildirib ki, günün pik vaxtlarında həmin ərazidə süni sıxlıq müşahidə edilir və bu sıxlıq dayanma-durma və parklama qaydasını pozan sürücülərin hesabına yaranır.

V.Əsədov onu da əlavə edib ki, eyni zamanda, qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülər və piyada qismində olan şəxslər də sıxlığın yaranmasına səbəb olurlar: "Problemin aradan qaldırılması üçün dayanma-durma və parklama düzgün yerinə yetirilməli, piyadalar onlar üçün ayrılmış ərazidən keçməlidirlər. İctimai nəqliyyatı idarə edən sürücülər isə onlar üçün ayrılan ərazidə dayanmalıdır".

"Təəssüflər olsun ki, hələ də həmin ərazidə çörək pulu qazanmaq adı ilə narahatlıq yaradanlar sürücülər var. Onların barəsində bu gün də müəyyən tədbirlər görülməkdədir" – deyə DYP rəsmisi vurğulayıb.

V.Əsədov sıxlığın aradan qaldırılması üçün DYP tərəfindən atılan addımlardan da söz açıb: "Süni sıxlıq və tıxacların baş verməməsi üçün ərazidə yol polisi əməkdaşları xidmət aparırlar. Bu halların qarşısının alınması, sürücülərin maarifləndirilməsi üçün tərəfimizdən müəyyən addımlar atılır. Bu gün Bakı Nəqliyyat Agentliyinin də həmin ərazidə xidmət göstərməsi müsbət haldır".

Xəbər lenti
0