BAKI, 19 noyabr — Sputnik. Bir neçə gün öncə Goranboy rayonu, Əlirzalı kənd sakini Ariz Dəmirovun “Yeni Müsavat” qəzetində dərc olunmuş şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, həmin materialda şikayətçi şəxs mal-qaranın qoca olmasından gileyini bildirmişdir. Artıq dərc olunan materialla bağlı nazirliyin mətbuat katibi Fazil Talıblı rəsmi məlumat yayıb:
“Proqram iştirakçısına seçim imkanı verilir, verilən mal-qara ilə bağlı onun rəyi, məmnunluğu mütləq şəkildə nəzərə alınır. Təqdim olunan mal və materiallardan, o cümlədən mal-qaradan proqram iştirakçısı məmnun olduğu halda həmin aktı imzalayaraq qəbul edir. Əgər təqdim edilən mal-qara onu qane etmirsə, o zaman onları qəbul etməyərək aktı da imzalamaya bilər. Belə olan halda həmin şəxsə yenidən mal və materialar, o cümlədən mal-qara təqdim edilir”.
Nazirlik rəsmisinin məlumatına görə, özünüməşğulluq proqramı iştirakçısı olan Ariz Dəmirova oktyabrın 28-də kiçik təsərrüfatını yaratmaq üçün mal-qara verildikdə məmnunluğunu ifadə edib:
“Həmin şəxs mal və materialları qəbul etdiyinə dair aktı imzalayıb. Hətta ona veriləcək heyvanları da özü seçib.Belə olan halda Ariz Dəmirovun mal-qara veriləndən üç həftə sonra şikayət edərək verilmiş mal-qaradan narazılığını bildirməsi əsaslı ola bilməz” - deyə nazirlik rəsmisi əlavə edib.