BAKI, 19 noyabr — Sputnik. İran 2015-ci ildə bağlanan nüvə sazişinə görə Avropaya ümid bağlayıb. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, İran ABŞ-ın bu sazişdən geri çəkilməsinə baxmayaraq, bir sıra güc dövlətlərinin onlara dəstək olacağını güman edir.
Bu haqda İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi jurnalistlərə açıqlamasında deyib.
"Avropa Birliyinin İranı Amerikadan qorumaqla bağlı sərgilədiyi münasibət anlaşılmazdır. Lakin bununla belə, ümid edirik ki, avropalılar bu sazişi qoruyub xilas edə biləcək" – deyə Bəhram Qasemi bildirib.
AB isə dollarsız ticarət siyasəti üçün gücünü səfərbər edib. Bunun üçün AB "Xüsusi Məqsədli Daşınma" adlanan yeni layihə üzərində işləyərək bu yolla nüvə sazişini xilas etməyə çalışır. Burada əsas məqsəd dollar alış-satışı olmadan AB-dən idxal olunacaq məhsulları İrandan ixrac ediləcək neft məhsullarına dəyişməkdir.
AB bu XMD-nin gerçəkləşməsini istəsə də, hələ ki, dövlətlər tərəfindən bununla bağlı konkret addım atılmır.