CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fiziki qüsurlu qız əsərləri ilə hər kəsi heyran qoyur

© Sputnik / Musa MuradliGənc rəssam Günay Məmmədli
Gənc rəssam Günay Məmmədli - Sputnik Azərbaycan
Abunə olmaq
Rəssam Günay Məmmədlinin yaradıcılığı ilə tanış olanda Tanrı vergisinin gücünü duymamaq olmur

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 18 noyabr — Sputnik. "İsmayıl müəllimin bir qızı var ki, qeyri-adi istedad sahibidir. Fırçasının qüdrəti sayəsində mükəmməl sənət, gözəl rəsm əsərləri yaranır".

Hafiz Abbasovdan eşitdiyimiz bu sözlər bizi həmin andaca yeniyetmə rəssamla görüşə həvəsləndirir. İsmayıl müəllimin evinə yollanıb, gənc rəssamla görüşürük. Özü bizə "xoş gəldiniz" deyə bilməsə də, gözlərindəki məsumluq, qəlbindən süzülüb gələn səmimiyyət təsəvvürümüzdə onun haqqında ancaq xoş təəssüratlar yaradır.

Atası İsmayıl müəllim Günay Məmmədli haqqında Sputnik Azərbaycan-a bunları danışır: "Günay 1996-cı ildə Bərdə şəhərində anadan olub. Uşaq yaşlarında məlum oldu ki, fiziki qüsurludur, eşitməkdə, danışmaqda problemi var. Buna baxmayaraq, incəsənətə böyük marağının olduğunu aşkar etdik. Karandaşla kağız götürüb müəyyən rəsmlər cızırdı. Həmən rəsmləri indi də saxlayırıq".

© Sputnik / Musa MuradliGənc rəssam Günay Məmmədli
Fiziki qüsurlu qız əsərləri ilə hər kəsi heyran qoyur - Sputnik Azərbaycan
Gənc rəssam Günay Məmmədli

"Məktəb yaşı çatanda Günayı Mingəçevir şəhərində loqoped Kamil müəllimin yanına apardıq. Onun məsləhəti ilə oradakı 10 saylı məktəbə qoyduq. 7-ci sinfə qədər orda oxudu, sonra Bərdədəki "günərzi qayğı mərkəzi"nə gətirdik. 9-cu sinfi bitirəndən sonra isə Ağdam Sosial-İqtisad Kollecinin Təsviri incəsənət fakültəsinə daxil oldu və oranı bitirdi. İndi isə çalışır ki, Azərbaycan Rəssamlıq Akademiyasında təhsilini davam etdirsin" – deyə müsahibimiz əlavə edir.

© Sputnik / Musa MuradliGünay valideynləri ilə
Fiziki qüsurlu qız əsərləri ilə hər kəsi heyran qoyur - Sputnik Azərbaycan
Günay valideynləri ilə

Söhbətimiz əsnasında öyrənirik ki, Günay anadan nitq qüsuru ilə doğulub. Həmçinin eşitmə qabiliyyəti də zəifdir. Təhsil alması, bacarıq və qabiliyyətinin inkişaf etdirməsi üçün anası Şükufə xanım yorulmadan, mütəmadi olaraq çalışıb. Məktəbə gedəndə, rəsm məşğələlərində, sərgilərdə daim qızının yanında olub. Gənc rəssam daim ailəsindən qayğı, diqqət, dəstək gördüyündən istedadını inkişaf etdirib, uğurlara nail ola bilib.

Bir qədər valideynləri ilə söhbət etdikdən sonra Günayın yaradıcılığı ilə tanış oluruq. Rəsm çəkmək üçün molbert stolu evin ən rahat yerində qoyulub. Valideynləri onun müxtəlif janrlarda çəkilmiş əl işlərini bir yerə toplayıblar. Sulu boya ilə kətan parça üzərində işlənmiş onlarla natürmort və portretlərlə otaq dolub.

© Sputnik / Musa MuradliRəssam Günay Məmmədlinin əsərləri
Fiziki qüsurlu qız əsərləri ilə hər kəsi heyran qoyur - Sputnik Azərbaycan
Rəssam Günay Məmmədlinin əsərləri

Rəsm əsərlərinə baxdıqca atası bildirir ki, Günayın əl işlərindən ibarət rəsm sərgisi təşkil etmək istəyirlər. Lakin bu istəklərini reallaşdıra bilmirlər: "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Bərdəyə gələndə Günayla birlikdə bir neçə şəkil götürüb görüşə getdik. Hicran xanım şəkillərə baxanda heyrətə gəldi. "Şəkilləri bu qız çəkə bilməz" – dedi. Xoşuna gələn iki şəkli də pay istədi, Günay da səxavətini əsirgəmədi. Komitə sədri Günaya dəstək olacağı barədə çoxlu vədlər versə də, heç birinə əməl etmədi. Günayın arzusunda olduğu bir sərginin belə, təşkilinə dəstək olmadı".

Atası Günayın indiyədək qazandığı uğurlardan da söz açır: "2011-ci ildə 1 saylı Uşaq Musiqi Məktəbində qızıl medal alıb. Çexiya Respublikasının səfirliyinə dəvət edib, diplomla mükafatlandırıblar. Günayın əl işləri Bərdənin hüdudlarından çox-çox uzaqlara qədər gedib çıxıb. Beynəlxalq müsabiqələrdə bəyənilib. Öz sərgisi olmasa da, çəkdiyi rəsmlər bir çox sərgilərdə nümayiş etdirilib. İlk dəfə orta məktəbdə oxuyanda rəsmlərini Moskvaya aparmışdılar. Oradan Günaya diplom göndərdilər. Hətta Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov da onun istedadına heyran olub. Ömər müəllim Günayın şəkillərini çox bəyənib, üslubunu yüksək qiymətləndirib. Rəssamlıq Akademiyasında oxumağını arzulayıb".

© Sputnik / Musa MuradliGünayın diplomları
Fiziki qüsurlu qız əsərləri ilə hər kəsi heyran qoyur - Sputnik Azərbaycan
Günayın diplomları

"Günay Rəssamlıq Akademiyasına qəbul olunmaq üçün imtahan versə də, lazım olan balı toplaya bilmədi. Fiziki qüsurlu olduğuna görə imtahan qaydalarını yaxşı başa düşməyib. Tələskənlik edib, imtahandan bir saat tez çıxıb. Ancaq buna baxmayaraq, Günay ruhdan düşmür, hazırlaşır. Məqsədi təhsilini davam etdirməkdir" – deyə anası Şükufə xanım söhbətimizə qoşulur.

Günayın evdəki rəsm əsərlərinə baxanda, şəkillərin istər mövzusu, istərsə də janr üslubu diqqətimizi çəkir. Qaradərili zənci qız iri muncuqlarla bəzədilmiş boyunbağıda təsvir olunub. Günayın yaradıcılığında Suriya səhnəsi də var. Həmçinin işğal altında qalan Kəlbəcərin tuneli təsvir olunub. Müharibə səhnələrində ölüm, qırğın yox, ölümə səbəb olan güllələr təsvir olunub. Bu da onu göstərir ki, Günayın rəsmləri fəlsəfi düşüncəyə söykənir.

Günayın atası onu da qeyd edir ki, qızının rəsm əsərlərini almaq istəyənlər olsa da, hələ bu barədə düşünmürlər: "Alıcılar çoxdur, şəkil var ki, 500 manata istəyirlər. Amma biz istəyirik ki, əvvəlcə sərgi təşkil olunsun. Günayın əl işlərini ancaq ondan sonra satışa çıxara bilərik".

Xəbər lenti
0