BAKI, 17 noyabr — Sputnik. Belarus Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenkonun ünvanına söylədiyi fikirlərə sərt cavab verib.
Sputnik Belarus-un məlumatına görə, Paşinyan bir qədər öncə Belarus prezidenti Aleksandr Lukaşenkodan Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovla KTMT-dəki vəziyyəti müzakirə etməsi ilə bağlı cavab tələb edəcəyini bildirib. Onun bu bəyanatı Belarus tərəfinə xoş gəlməyib.
"Görünür, o, özünü cəzalandırmaq və ya əfv etmək səlahiyyəti olan beynəlxalq prokuror kimi təsəvvür edir" - XİN-in rəsmi nümayəndəsi Anatoli Qlaz deyib.
Belarus XİN-in mətbuat katibi qeyd edib ki, Paşinyan bunu KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturova qarşı edə bilər. Amma böyük siyasətdə diplomatik protokolun dəqiq normalarını əldə rəhbər tutmaq lazımdır.
"Yəqin, cənab Paşinyan hələ "küçə demokratiyası" qaydalarının böyük siyasətdə qəbuledilməz olduğunu başa düşməyib. Təəssüf edirik. Ümid edirik ki, zamanla bu, qaydaya düşəcək" - A.Qlaz bildirib.
Qeyd edək ki, Paşinyan təkcə Lukaşenkodan deyil, eləcə də KTMT-nin yeni sədri postuna Belarus nümayəndəsinin təyin olunmasının lazım olduğunu söyləyən Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən də izahat tələb etmək niyyətindədir. Paşinyan bəyan edib ki, heç kim belə bəyanatla çıxış etmək hüququna malik deyil.