BAKI, 16 noyabr - Sputnik. Sabaha gözlənilən hava məlumatı açıqlanıb. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında noyabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 13-16, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə arabir yağış yağacağı, gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 17-18-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.