Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 15 noyabr — Sputnik. Bakının Yasamal rayonunda qadının amansızlıqla qətlə yetirilməsi ilə nəticələnən insident baş verib. Bu barədə Sputnik Azərbaycan-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.
Hadisə noyabrın 14-də RPİ-nin 27-ci polis bölməsinin ərazisində - Tbilisi prospektindəki kirayə mənzillərdən birində qeydə alınıb. Qətlin qurbanı 1967-ci il təvəllüdlü Bakı sakini İradə Mütəllimova olub.
Onun ölümü barədə polisə məlumat axşam saat 22:00 radələrində gəlib. Araşdırma zamanı qətlin gündüz baş verdiyi məlum olub. Cinayətkar qadının başına küt alətlə vurub. Cinayətin törədildiyi yerdə həmin alət tapılmayıb.
Məlum olub ki, Mütəllimova göstərilən ünvanda oğlu və qızı ilə birlikdə yaşayıb. Qadın salonların birində massajçı işləyib və massaj etmək üçün xüsusi ünvanlara da gedib.
Qətl törədilən vaxt uşaqlar evdə olmayıb. Hüquq-mühafizə orqanları qətlin qadının keçmiş əri tərəfindən törədilmə ehtimalını araşdırıb. Lakin bu versiya təsdiqini tapmayıb. Hazırda istintaq-əməliyyat qrupu şübhəli şəxsi müəyyənləşdirmək və qətlin motivini təyin etmək üzərində işləyir.