Uyğur türkləri fəryad edirlər

© AAUyğur türklərinin etiraz aksiyası
Uyğur türklərinin etiraz aksiyası - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Konqresi qarşısında etiraz aksiyası: "Bu binanın içərisində din azadlığından bəhs edən hər kəs uyğur türklərinin başına gələnlərlə bağlı hesab verməli olacaq"

BAKI, 14 noyabr — Sputnik. ABŞ-da yüzlərlə uyğur türkü Çin hakimiyyətinə qarşı etiraz aksiyası keçirib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Ağ Ev qarşısında toplanan uyğur türkləri polisin sıx təhlükəsizlik tədbirləri altında Konqress binasının önünə qədər yürüş ediblər.

Çin hökuməti əleyhinə şüarlar səsləndirən nümayişçilərə ABŞ-ın müxtəlif müsəlman təşkilatları da dəstək verib. ABŞ-ın aparıcı müsəlmanlarından olan, "Yaqeen" İnstitutunun rəhbəri Ömər Süleyman yürüşün ardından çıxış edərək Çinin uyğur türklərini hədəf aldığını diqqətə çatdırıb.

"Hazırda Çində olanlar, ya da orada qohumları olanlar bilsinlər ki, sizə dəstək verməyə davam edəcəyik, sizin səsiniz olacağıq" - Süleyman vurğulayıb.

ABŞ Konqresini işarə verən Süleyman bildirib ki, bu binanın içərisində din azadlığından bəhs edən hər kəs uyğur türklərinin başına gələnlərlə bağlı hesab verməli olacaq: "Uyğurlar bütün dünyada ən çox haqsızlığa məruz qalan xalqdır".

Qeyd edək ki, hazırda dünyanın bir çox bölgələrində uyğur türklərinə təzyiqlərdən dolayı Çin hökumətinə qarşı nümayişlər keçirilir.

"Human Rights Watch" təşkilatının hesabatında son iki ildə Sincan Uyğur Muxtar Bölgəsində çox sayda insanın günahsız yerə saxlanıldığı və siyasi baxımdan təhlükəli hesab edilən şəxslərin hər hansı bir məhkəmə qərarı olmadan həbs edildiyi iddialarına yer verilmişdi.

Avropa İttifaqı isə, Sincan Uyğur Muxtar Bölgəsindəki "siyasi təhsil mərkəzləri" adlanan nəzarət mərkəzlərinin narahatlıq doğurduğunu bəyan etmişdi.

Xəbər lenti
0