Zarina Orucəliyeva, Sputnik Azərbaycan
BAKI, 14 noyabr — Sputnik. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi regionlardakı iri və kiçik iaşə obyektlərində, o cümlədən restoran və şadlıq evlərində havatəmizləyən qurğuların olub-olmadığını yoxlayır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov məlumat verib.
Qeyd edək ki, hələ oktyabrın 10-da Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev deyib ki, havanı çirkləndirən məişət obyektlərinə ciddi xəbərdarlıq edilib. "Axsam saatlarında Bakı şəhərini tüstü bürüyür. Şadlıq evlərində tüstü təmizlənmədən havaya sovrulur. Ona görə, çox ciddi xəbərdarlıq edilib, kim əməl etməyəcəksə, o şadlıq evinin, məişət obyektinin qapısı bağlanacaq. Mən tapşırmışam ki, bunun üçün hüquqi əsaslar hazırlansın. Bildiyimə görə, birinci xəbərdarlıqdan sonra bir çox məişət obyektləri təmizləyici qurğuları quraşdırmağa başlayıblar. Onların hamısına məsləhətim ondan ibarətdir ki, bu işi tezləşdirsinlər. Çünki ikinci xəbərdarlıq olmayacaq, bir də görəcəklər ki, əldən çıxdı. Ona görə, tezliklə bütün böyük-kiçik məişət obyektlərində havanı çirkləndirən, havaya tüstü, kanserogen buraxan obyektlərdə təmizləyici qurğular quraşdırılmalıdır, müvafiq qurumlar monitorinq aparmalıdır. Mən Bakı Şəhər İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göstəriş verdim ki, mənə dərhal məlumat verilsin və dərhal ölçü götürüləcək" - deyə prezident bildirib.
Prezidentin müvafiq göstərişindən sonra ETSN tərəfindən Bakıda yerləşən 500-dən artıq irili xırdalı restoran və kafelərə dərhal sözügedən qurğuların quraşdırılması tövsiyə edilib. Bağırovun sözlərinə görə, 90 ictimai qidalanma müəssisəsində havatəmizləyən qurğular quraşdırılıb. Bununla yanaşı, 2200-dək restoranın sahibi ilə zəruri avadanlığın qurşdırılması barədə müqavilə bağlanıb.
Lakin Nazirliyin tövsiyələrini dinləmək istəməyən sahibkarlar da olub. ETSN 20 belə obyektin bağlanması ilə bağlı məhkəməyə üz tutub.
Ekoloq qeyd edib ki, artıq noyabrın 1-dən analoji monitorinq Sumqayıt şəhərində keçirilir. Orada 40-a yaxın kafe, restoran və şadlıq evi yerləşir. Eyni zamanda restoran sahiblərinə tövsiyə edilib ki, obyektlərini qısa zamanda sözügedən avadanlıqlarla təchiz etsinlər, əks təqdirdə onların fəaliyyəti həmişəlik dayandırılacaq.
Qeyd etmək lazımdır ki, prezidentin sözügedən bəyanatından sonra bazara havatəmizləyici qurğunun quraşdırılmasını təklif edən bir neçə xarici şirkət daxil olub. Sözügedən avadanlıq isə heç də ucuz deyil.
Belə şirkətlərin biri olan Airplus-ın təmsilçisi Faiq Şirinov sözügedən havatəmizləyici qurğuların üstünlükləri və qiyməti haqqında danışıb.
Yeri gəlmişkən məhz həmin şirkət 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi olan "Caspian Ecology 2018"-də öz stendini təqdim edib.
Şirinov qeyd edib ki, o, şirkətin Türkiyədəki zavodunu təmsil edir. İl ərzində şirkət Azərbaycanda 100-dək belə qurğu quraşdıra bilər. Həmin qurğu suyu yağdan və havanı tüstüdən tamamilə təmizləyə bilir.
"Bu halda kanalizasiyaya heç bir yağlı su axıdılmır. Yağ və tüstü tamamilə məhv edilir, təbiətə 98% təmiz hava və su buraxılır" - deyə şirkətin nümayəndəsi bildirib.
Aparat yalnız təmizləyici funksiyanı yerinə yetirmir, eyni zamanda otaqda havanı soyutma və istiləşdirmə qabiliyyətinə də malikdir.
Bu şirkətin 300 kvadratmetrlik obyekt üçün yığdığı havatəmizləyici qurğunun dəyəri təxminən 30 min avrodur. Amma artıq Bakıda onun ucuz analoqları var.
İstənilən halda sahibkarlar sözügedən xüsusi avadanlıqları əldə edərək öz obyektlərində quraşdırmalıdırlar. Çünki ETSN-in mütəxəssisləri bir müddətdən sonra yenidən o obyektlərə gedərək onların fəaliyyətini yoxlayacaqlar.
Eyni zamanda obyektləri havanı çirkləndirən sahibkarlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237-ci maddəsinin (Müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) 2-ci bəndinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilə bilərlər.
Qeyd edək ki, sözügedən maddəyə görə, ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə, fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər 3500 manatdan 4500 manatadək, hüquqi şəxslər isə 20 min manatdan 25 min manat məbləğədək cərimə edilir.