BAKI, 14 noyabr — Sputnik. Ermənistan hakimiyyət orqanları Rusiyanın "Qazprom" şirkətinin ölkə ərazisindəki törəmə strukturları ilə əlaqədar olaraq ölkədə yoxlamalar aparıb və belə qərara gəlib ki, törəmə şirkətlər vergi ödənməsindən yayınıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Dövlət Gəlirləri Komitəsi şirkətə qarşı iş başladıb.
"Qazprom Ermənistan"-da aparılan audit yoxlamalarının nəticələrinə görə, şirkət böyük məbləğdə vergi ödənilməsindən yayınıb və bir sıra pozuntu hallarına yol verib" – deyə komitənin məlumatında bildirilib.
Hesabatda qeyd edilir ki, vergi pozuntusu 2016-2017-ci illərdə əlavə dəyər vergisi və gəlir vergisi hesablamalarında təsbit edilib. Belə ki, şirkət göstəriciləri bilərəkdən sadələşdirib və nəticədə vergi daxilolmaları azalıb.
Məlumatda deyilir: "Şirkətin yol verdiyi sui-istifadə hallarını qaz itkisi barədə faktlar, eləcə də avtomobil qazdoldurma kompressor stansiyalarına göndərilən təbii qazın həcmi ilə bağlı müqayisəli araşdırma da sübut edir".
Bundan əlavə, şirkət boru kəmərlərinə qaz ötürülməsinin azaldılması və kəmərlərdə itkilərin süni şəkildə artırılmasında da ittiham edilir. Belə ki, 2018-ci ilin əvvəlində itkinin ölçüsü, ilin ortası ilə müqayisədə 3 dəfə çox olub.
Təftiş nəticələrinə görə, cinayət işi başlanıb. Dəyən zərər haqqında hələ ki, heç bir məlumat verilmir.
"Qazprom Ermənistan" Ermənistana qaz tədarük edən alternativsiz şirkətdir.