BAKI, 12 noyabr — Sputnik. İran Sərhəd Qoşunlarının komandanı general Qasım Rızai İran və Türkiyə arasında sərhəd əməkdaşlığı ilə bağlı diqqətçəkən açıqlama verib. Sputnik Azərbaycan "Tasnim"ə istinadla xəbər verir ki, Ankaraya səfər edən general Rızai İran və Türkiyə arasında 560 kilometr uzunluğunda ümumi sərhədin olduğunu bildirib.
Bu istiqamətdə birgə fəaliyyətin sıxlaşdırılmalı olduğunu deyən general bəyan edib ki, hər iki ölkənin birgə müəyyənləşdirdiyi hədəf çərçivəsində İran və Türkiyənin sərhəd qüvvələri arasında sıx əməkdaşlığın yaradılması, sərhədlərin birgə mühafizəsi nəzərdə tutulur.
Rızai sərhədlərin birgə mühafizəsinə həsr olunmuş ilk müştərək toplantının Tehranda keçirildiyini və burada silah, insan, narkotik və digər qaçaqmalçılıq növləri ilə mübarizəyə dair müqavilələrin imzalandığını bildirib.
Rızai ümumi sərhədlərin birgə idarə olunması qərarının qəbul olunduğunu xüsusilə vurğulayıb.