CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sel Lənkəranı ağuşuna alıb, altı kənd su altında qalıb

Abunə olmaq
Cənub zonasına ötən gün axşam saat 20:00-da yağmağa başlayan leysan nəticəsində Lənkəranın bir neçə kəndi su altında qalıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Şovu, Şağlakücə, Bürcəli, Səpnəkəran, Türkəkəran və Yuxarı Nüvədi kəndlərini su basıb. FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri evlərdə köməksiz vəziyyətdə qalmış kənd sakinlərini qayıqlarla təxliyə ediblər.

Lənkəran icra Hakimiyyəti başçısının 1-ci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Möhübbət Babayevin Sputnik Azərbaycan-a verdiyi məlumata əsasən, leysan yağışları, əsasən, rayonun dağlıq və dağətəyi ərazilərinə daha çox yağıb. Nəticədə su dağlıq ərazidən dağətəyi ərazilərdəki kəndlərin ərazisinə dolub.

“Bu haqda məlumat alan kimi, dərhal  Fövqəladə Hallar Komissiyası toplandı. Ondan  artıq ağır texnika və canlı qüvvə cəlb edilərək su basmış əraziyə göndərildi. Əraziyə eləcə də FHN-nin Cənub Regional Mərkəzinin əməkdaşları cəlb edilib” – deyə Möhübbət Babayev bildirib.

Lənkəran Regional Hidrometeorologiya Müəssisəsinin direktoru Cavid Hüseynov Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, yağan yağış aylıq normanın 60-70%-ni təşkil edir.

Qeyd edək ki, ötən gün axşam saatlarından yağan yağış, əsasən, Lənkəran və Astara rayonlarının ərazisinə düşüb. Hazırda yağış bir qədər səngiyib.

Xəbər lenti
0