Rahim Zakiroğlu, Sptunik Azərbaycan
BAKI, 11 noyabr — Sputnik. 1981-ci ildə Lənkəran rayonunun Gəgiran kəndində doğulan Hikmət Məhərrəmov sonradan ailəsi ilə birlikdə yerdə Masallı şəhərinə köçüb. Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətdə H.Məhərrəmov hazırda da Masallı rayonunda qeydiyyatda olduğunu bildirib.
Dediyinə görə, o, əvvəllər tikintilərdə fəhlə, usta köməkçisi işləyib. Elə həmin tikintilərin birində də qəzaya uğrayaraq sağlamlığını itirib: "2010-cu ildə Masallı rayonu ərazisində fərdi evlərdən birində inşaat işləri görürdük, mən də nərdivana çıxmışdım. Qəfil huşumu itirib yerə yıxıldım. Özümə gələndə artıq yerdə olduğumu gördüm. Ayılan kimi ayağa qalxmaq istədim, ancaq gördüm ki, ayaqlarım işləmir. Ustam, ətrafda olan digər uşaqlar və qonşular köməyimə gəldilər. Ancaq hamıya yalvardım ki, mənə toxunmasınlar. Sanki mənə əyan oldu ki, belim qırılıb".
Ətrafdakılar təcili tibbi yardımın köməkliyi ilə onu Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar: "Xəstəxanada mənə dedilər ki, vəziyyətim çox ciddidir. Ondan sonra məni Bakıdakı "Semaşko" xəstəxanasına apardılar, orda mənə 4-cü və 5-ci fəqərənin sınığı diaqnozu qoyuldu. Elə o xəstəxanada belimdən əməliyyat olundum, bir aya yaxın orda qaldıqdan sonra evə gəldim. Həkimlər məni ayağa qaldıra bilmədilər".
Hikmət Məhərrəmov artıq səkkiz ildir ki, çarəsiz vəziyyətdə yatağa məhkum olub. Ailəsinin maddi vəziyyəti aşağı olduğundan müalicəsini davam etdirə bilmir: "2015-ci ildə televizorda Sumqayıtda yerləşən özəl bir xəstəxananın reklamını gördüm, dostlarım məni həvəsləndirib xəstəxanaya apardılar. Orada Angel adlı bir yunan həkim məni müayinə etdi. Dedi ki, 6 ay müddətində məni müalicə edib ayağa qaldıra bilər. Lakin bunun üçün 30 min manat lazımdır. Mənim də o qədər məbləği verməyə imkanım çatmadığı üçün qayıtdım evə".
Dediyinə görə, indiyədək ayaqlarında hissiyyat olsa da, getdikcə ayaqları, əsasən də sol ayağı yığılır: "Ayaqlarımda hissiyyat var. Məsələn, yatanda kimsə ayaqlarıma toxunarsa, dərhal yuxuda ayılıram. Soyuğu, istini də hiss edirəm. Bəzən elə olur ki, ayaqlarım üşüyür. Lakin indi ayaqlarım yığılır. Hətta sol ayağım elə yığılır ki, dabanım baldırıma dirənir. Ayaqlarımın tam yığılmaması üçün də yoldaşım ayaqlarımın üstünə taxta, onun da üstünə daşlar düzür".
"Yalnız döş qəfəsimdən yuxarı hissə işləyir, aşağı nahiyələr işləmir. Heç bir yerə gedə bilmirəm. Evdə kömək edirlər ki, əlil arabasına oturum. Tək olsam, onu da edə bilmərəm, aylarla yataqda qalaram. Paltarlarımı geyinməyə də mütləq kimsə kömək etməlidir" – deyir çarəsiz müsahibimiz.
O, xəstəliyi ilə yanaşı ailənin maddi ehtiyaclarını ödəyə bilmədiyinə görə də xəcalət çəkdiyini vurğulayır: "Bir övladım var, Bakıda texnikumların birində 2-ci kursda oxuyur. Vicdan əzabı çəkirəm ki, indiyə kimi bir ata, bir valideyn olaraq onun xərclərini tam qarşılaya bilmirəm. 128 manat 20 qəpik ünvanlı sosial yardım, 1-ci qrup əlilliyə görə isə 155 manat pensiya alıram. 283 manat 20 qəpiklə bir ay ərzində dolanmağa çalışırıq. Yoldaşım da mənim qulluğumu tutur deyə işləyə bilmir".
H.Məhərrəmov hazırda öz evində deyil, baldızının evində məskunlaşıb: "Masallıda çoxmənzilli binaların birində 1 otaqlı evim var. Lakin əlil üçün həmin mənzildə yaşamaq mümkün deyil. Araba ilə orda hərəkət etmək qəti-mümkündür. Orda qalsaq, gərək ancaq yataqda uzanam. Uzanmaqdan da bədənimdə yataq yaraları yaranır. Hətta bir ara yaralar elə dərinləşmişdi ki, sümüklərim görünürdü".
Ailə yanında xəcalət çəkən Hikmət Azərbaycanın bütün imkanlı şəxslərindən xahiş edir ki, ona müalicə olunması üçün köməklik göstərsinlər: "Çox xahiş edirəm, kömək edin, ayağa qalxım yenindən. İşləyim, ailəmə ruzi gətirə bilim. 8 ildir məhkum olduğum bu arabadan və yataqdan xilas olum".
Hikmət Məhərrəmova yardım etmək istəyənlər üçün onun şəxsi bank hesabını təqdim edirik:
Valyuta: AZN
Benefisiarın bankı: Kapital Bank ASC Masallı filialı
Filialın kodu: 200617
VÖEN: 9900003611
SWİFT kod: AIIBAZ2X
Müxbir hesab: AZ37NABZ01350100000000001944
Benefisiarın adı: Hikmət Məhərrəmov Məhərrəməli oğlu
Benefisiarın hesabı: AZ38AIIB41010019449991666161
Kömək etmək istəyən şəxslər, həmçinin (051) 644-15-60 nömrəsinə zəng edərək, birbaşa Hikmətin özü ilə əlaqə saxlaya bilərlər.