CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyada məşhur olan filmin çəkildiyi, haqqında rəvayətlər gəzən "Sumu qala"

© Sputnik / Shahperi AbbasovaSumuq qala
Sumuq qala - Sputnik Azərbaycan
Abunə olmaq
Deyilənə görə, bu qalanı Sumu adlı piyada qurduğundan elə "Sumu" da adlandırılıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 noyabr — Sputnik. Azərbaycanın səfalı və təbii sərvətlərlə zəngin olan bölgələrindən biri də Qax rayonu və onun qədim oğuz türklərinin məskəni olan İlisu kəndidir. Haqqında söhbət açacağımız İlisu kəndi isə Qax rayonunun istər gözəllik baxımından, istərsə də qəhrəmanlıq baxımından ən tanınmış, məşhur kəndlərindəndir.

Kəndin qədim və ən məşhur qalası haqqında Sputnik Azərbaycan-a danışan tarixçi Məcid Mehraninin sözlərinə görə, qala XVII-XVIII əsrlərə aid edilir: "Bu qala haqqında müxtəlif rəvayətlər var. Deyilənə görə, bu qalanı Sumu adlı piyada qurduğundan elə adı da "Sumu" adlandırılıb. Amma mən belə deməzdim. Mənə elə gəlir ki, "Sumu qala" yox, məhz "Sumuq qala" daha qəbul olunandır. Çünki bizim yerli əhalinin ləhcəsində həmişə möhkəm tikilən, bərk olan nəyəsə "sümük kimidir" deyilir. "Sümük" sözünün ilisulular "sumuk" kimi tələffüz etdiklərinə görə də, elə bu qalanın adı "Sumuq qala" kimi qəbul edilib".

© Sputnik / Shahperi AbbasovaSumuq qala
Sumuq qala - Sputnik Azərbaycan
Sumuq qala

Mehraninin fikrincə, qala ola bilsin ki, geniş profilli müdafiə üçün deyil, bir ailənin, bir nəslin müdafiəsində rolu olan qalalardandır. O hesab edir ki, qala adi bir piyada tərəfindən deyil, bir feodal, bir imkanlı adam tərəfindən qurulub: "Ola bilsin ki, kənddə buna bənzər qalalar da olub. Lakin ən möhkəmi, ən dayanıqlısı Sumuq qala olduğu üçün bu qala indiyədək qalıb. Bu qala yəqin ki, Danial bəy kimi sultanlardan birinin məhəlləsi, evi, yaşayış yeri olub. Bəzi yaşayış yerlərinin yanında da belə qalalar tikilərdi. Bu cür qalalar ailənin təhrik olunduğu zaman müdafiə məqsədilə istifadə olunardı".

© Sputnik / Shahperi AbbasovaSumuq qala
Sumuq qala - Sputnik Azərbaycan
Sumuq qala

"Abidənin adıyla bağlı başqa bir rəvayətdə isə deyilir ki, haqqında danışdığımız qala Sumu xan adlı bir İlisu hakimi tərəfindən inşa etdirilib. Lakin tarixi mənbələrdə Sumu xan yox, sadəcə Usmi (dağlı hakimlərə verilən titul, məsələn, Qaytaq usmisi) titulu ilə bir müddət sultanlığı idarə etmiş Məhəmməd xanın adına rast gəlinir" — deyə tarixçi əlavə edir.

Qalanın yerləşdiyi ərazinin daim daş axınlarına məruz qalmasına, dörd mərtəbəsindən birincisinin daş axınlarından yerin altında qalmasına baxmayaraq, öz möhkəmliyini qoruyub saxlayıb. Mərtəbələrin hər birində bir pəncərə və iki silah işlətmək üçün ara var. Qalanın yuxarı mərtəbələrinə qalxdıqca binanın içi daralır. Amma pəncərələrin sayı isə ikiyə çatdırılır. Bəzi mənbələrə görə, Gürcüstan ərazisində də belə qalalar mövcuddur.

Tarixçi abidənin restavrasiyasını qənaətbəxş hesab etmir. Onun fikrincə, hər hansı bir abidənin restavrasiyası zamanı əvvəlki görkəmini imkan daxilində qorumaq lazımdır: "Mənə elə gəlir ki, abidənin keçmiş formasına uyğun olaraq qurulan bərpa daha yaxşıdır, nəinki gözəl görkəm verib müasirləşdirilən bərpa. Biz gənc nəslə bunu təqdim edirik. Bu da gənc nəslin yanlış təsəvvürünə gətirib çıxarır. Hər qalanın bərpasında müəyyən nüanslara fikir vermək gərəkdir. Bir abidənin bərpası mütləq şəkildə arxeologiya və arxitektura sahəsinin mütəxəssisinə tapşırılmalıdır. Sözügedən qala, sanki yeni tikilib. Xarici ölkələrdən gələn turistlərə necə sübut edə bilərik ki, bu, qədim abidədir".

Qeyd edək ki, 1981-ci ildə çəkilən, keçmiş SSRİ məkanında məşhur olan "Qorxma, mən səninləyəm" filmi məhz bu kəndə çəkilib. Yuli Qusmanın çəkdiyi, məşhur aktyorların rol aldığı bu musiqili macəra filmin ən məşhur batal (döyüş) səhnələri bu qalada lentə alınıb.

Xəbər lenti
0