İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 8 noyabr — Sputnik. Oğuz rayonunun Xaçmaz kəndi rayon mərkəzindən 40 km şərqdə, Filfili kəndindən 10 km cənubda və iki çayın yamacında yerləşir. Xaçmaz inzibati ərazi dairəsinin mərkəzidir. Tarixi Xaçmaz keçidi Xaçmaz kəndinin şimalından başlayaraq Fiy və Malqamud aşırımlarınadək gedir. Kənd dəniz səviyyəsindən 760 metr yüksəklikdə yerləşir.
Xaçmaz kəndi, həmçinin dərin qədim köklərə söykənən tarixə malikdir. Belə ki, hələ qədim zamanlarda kənddə məktəb və tarixi abidələr olub. Həmin məktəb indi də Mirzə Fətəli Axundov adına 1 saylı tam orta məktəb kimi fəaliyyətini davam etdirir.
Bu məktəb, həm də dövrün bir neçə görkəmli ziyalısının adı ilə bağlıdır. Məsələn, 1890-1892-ci illərdə Xaçmazda rus-tatar məktəbində iki il fəaliyyət göstərmiş Rəşid bəy Əfəndiyevin adını xüsusilə çəkmək olar. O, fəaliyyət göstərdiyi dövrdə insanların marifləndirilməsində müstəsna rol oynayıb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, kənddə ilk dünyəvi ibtidai məktəbin əsası 28 oktyabr 1883-cü ildə qoyulub. İlk dəfə Xaçmaz məktəbinə 15 nəfər qəbul edilib. Azərbaycanın görkəmli maarif xadimlərindən Rəşid bəy Əfəndiyev 1890-1892-ci illərdə Xaçmaz kənd ibtidai məktəbinin müdiri olub. 1983-cü ilin noyabr ayında Xaçmaz kənd 1 nömrəli tam orta məktəbin yaranmasının 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Azərbaycanın ən qədim təhsil ocaqlarından sayılan məktəbin bu il 135 illiyi tamam olur. Məktəb ilk yarandığı zamanlarda qonşu kəndlərdən belə, şagirdlər bura təhsil almağa gəlirmiş. Belə şəxslərdən görkəmli arxeoloq Saleh Qazıyevin də adını çəkmək olar ki, o da ilk təhsilini məhz bu məktəbdə alıb.
Hazırda məktəbdə 128 şagird ali təhsil alır. Həmçinin, məktəbin xeyli sayda məzunu sonradan xarici ölkələrdə elmi biliklərə yiyələniblər.
Xaçmaz kənd 1 saylı tam orta məktəbinin binası 1979-cu ildə yenidən inşa edilib və o dövrdən bu günə kimi fəaliyyətini uğurla davam etdirir. Sputnik Azərbaycan-a danışan məktəbin direktoru Eyvaz Hacıyev bildirib ki, hazırda təhsil ocağının təmirə ehtiyacı var.
"Artıq illər öz sözünü deyib, təhsil müəssisəsinin yenidən təmir-bərpa işlərinə ehtiyac duyulur. Bir neçə ildir ki, məktəb divarlarında çatlar, döşəməsində isə çürümələr yaranıb. Dərin tarixə malik olan bu məktəbin təmir olunması lazımdır" - direktor qeyd edib.
E.Hacıyevin sözlərinə görə, məktəbdə qədim zamanlardan qalmış bir neçə əlyazmanın, tarixi sənədlərin qorunub saxlanılması üçün kiçik bir muzeyin də yaradılmasına ehtiyac var: "Bunun gələcək nəsillərə məktəbin qədimliyi və tarixi haqqında veriləcək ən gözəl miras olacağına əminik".
Ümid edirik ki, aidiyyatı qurumlar tərəfindən yaxın gələcəkdə dahilərin və görkəmli insanların xidmət etdiyi bir məktəbin yenidən bərpa olunması üçün lazımi addımlar atılacaq.