BAKI, 8 noyabr - Sputnik. "Azərbaycanda növbəti ildə yaşayış minimumunun 180 manat, ehtiyac meyarının isə 143 manat müəyyən edilməsi təklif olunur".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Milli Məclisin bu gün keçirilən Əmək və sosial siyasət komitəsinin iclasında deyib. O bildirib ki, yaşayış minimumu ilə bağlı təklif olunanlar, reallığa adekvat rəqəmdir.
"Hesab edirəm ki, yaşayış minimumunun bu həddə müəyyən edilməsi ölkədəki yoxsulluq səviyyəsinin 5,4 faizdən 5,1 faizə endirilməsinə öz təsirini göstərəcək" - Komitə sədri qeyd edib.
T.Budaqovun sözlərinə görə, hökumətin siyasəti ehtiyac meyarının yaşayış minimumuna uyğunlaşdırılması və yaxınlaşdırılmasıdır: "Bu proses gedir. Növbəti ilə ünvanlı sosial yardımların müəyyən edilməsi ilə əlaqədar olaraq ehtiyac meyarının artırılması nəzərdə tutulub. Gələn il ehtiyac meyarının 143 manat müəyyən edilməsi təklif olunur".
Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə təklif olunan 180 manat yaşayış minumumunun 190 manat civarında olmasını təklif edib.
Qeyd edək ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, ehtiyac meyarı isə 130 manat məbləğində müəyyən edilib.