BAKI, 8 noyabr — Sputnik. Nərimanov rayonundakı 8 saylı poliklinikada gözlənilməz hadisə baş verib. Belə ki, binada qaz xətti olmadığı halda ətrafı kəskin qaz iyi bürüyüb, həkimlər özlərini pis hiss ediblər.
Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, mühasib də daxil olmaqla, 7 nəfər baş ağrısı və panika diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə aparılıb. Hazırda onların vəziyyəti normaldır, yardım göstərildikdən sonra evə buraxılacaqlar: "Xüsusilə qeyd edək ki, xəstəxanaya gətirilənlərin heç birində zəhərlənmə qeydə alınmayıb, onların mədəsini belə, yumağa ehtiyac qalmayıb. Xəstəxanaya gətirlənlər 1 saata evə buraxılacaqlar".
Qeyd edək ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları poliklinikadadırlar, onlar kəskin iyin nədən yarandığını araşdırırlar.