BAKI, 7 noyabr — Sputnik. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İstanbuldakı çıxışı ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələr və səsləndirilən tənqidi fikirlərə münasibət bildirib. Sputnik Azərbaycan xəbər verir ki, nazir Trend-ə müsahibəsində mövzu ilə bağlı suala bir cümlə ilə cavab verib.
- Elmar müəllim, yeri gəlmişkən, son zamanlar sosial şəbəkələrdə sizin İstanbul şəhərində etdiyiniz çıxış ətrafında çox müzakirələr aparılır. Onu da deyim ki, sizi tənqid edən şəxslərlə yanaşı, sizi müdafiə edən çoxsaylı həmvətənlərimiz oldu. Məsələyə münasibətinizi öyrənə bilərikmi?
- Bilirsiniz, məni anlamaq istəyən nə dediyimi çox yaxşı başa düşür, anlamaq istəməyənlərə gəldikdə isə babalı onların boynuna.
Qeyd edək ki, oktyabrın 30-da Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirləri İstanbulda altıncı üçtərəfli görüşü keçirilib. Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə edilib və regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.