BAKI, 7 noyabr - Sputnik. Yeni doğulan körpələrə verilən birdəfəlik müavinətlərin artırılması təklif edilir. Sputnik Azərbaycan xəbər verir ki, bu təkliflə millət vəkili Fəzail Ağamalı parlamentdə büdcə müzakirələri zamanı çıxış edib.
"Birdəfəlik müavinətlərin artırılması demoqrafik vəziyyətə, əhali artımına müsbət təsir göstərə bilər" - deyə o bildirib.
Millət vəkili parlamentin ezamiyyə xərclərinin artırılmasını da təklif edib. Onun sözlərinə görə, Milli Məclisə ayrılan ezamiyyə xərcləri çox azdır: "Bunun az olması ucbatından Milli Məclis beynəlxalq, regional, parlamentlərarası fəaliyyətdə xeyli məhdudlaşdırmalara məcbur olur. Xahiş edirəm, Milli Məclisə ayrılan ezamiyyə xərcləri artırılsın".
F.Ağamalı ölkədə maliyyə axınına nəzarətin gücləndirilməsini də təklif edib: "Mətbuatda oxudum ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyinin işdən çıxarılan direktoru Qüdrət Şükürov sahibi olduğu hamamı 10 milyon manata satışa çıxarıb. Olmazmı ki, hamam hərraca qoyulsun, satışdan əldə olunan vəsait dövlət büdcəsinə yönləndirilsin?".
O qeyd edib ki, məmurlar işdən çıxarıldıqdan sonra, onların xaricdəki malikanələri, bahalı avtomobilləri ilə bağlı məlumatlar yayılır: "Buna nəzarət etmək olmazmı? Hesablama Palatasından xahiş edirəm, bununla bağlı sərt tədbirlər həyata keçirsin, maliyyə axınlarının qarşısı alınsın".