BAKI, 7 noyabr — Sputnik. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Avropa görüşləri İsveçdə Skandinaviya ölkələri (İsveç, Norveç, Finlandiya və Danimarka) üzrə davam etdirilib.
Komitənin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səfər Azərbaycanın Stokholmdakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsinin qoyulması ilə başlayıb.
Sonra İsveç siyasətində uğur qazanmış bir qrup azərbaycanlı ilə görüş keçirilib. Görüşdə Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov, İsveç Sosial-Demokratlar Partiyasının üzvləri, Söderberq Jönköpinq region parlamentinə seçkilərdə qalib gələn siyasətçi İradə Əliyeva, Haninge bələdiyəsindən əyalət parlamentinə seçilən deputat Vüsal Quliyev və İsveç Mərkəz Partiyasından Partille bələdiyyə məclisinin üzvü seçilən Turan Əliyev də iştirak ediblər. Səfir İsveçdə yaşayan azərbaycanlıların Azərbaycan və azərbaycançılıq naminə fəaliyyətindən bəhs edib. Azərbaycanlıların diaspor fəaliyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin planları haqqında danışan komitə sədri Fuad Muradov isə ölkə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini, ümummilli lider Heydər Əliyevin diaspor quruculuğuna verdiyi töhfələri qeyd edib: "Dövlətimiz xaricdə yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir".
Görüşdə azərbaycançılıq ideyası ətrafında birləşməyin vacibliyindən, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının rolundan danışılıb. Dövlət Komitəsinin sədri soydaşlarımızın qayğıları ilə maraqlanıb, onların təklif və ideyaları ətrafında maraqlı müzakirələr aparılıb. Səfər çərçivəsində nümayəndə heyəti Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması ilə əlaqədar keçirilən Təsis konfransında da iştirak edib. Azərbaycanın İsveçdəki səfiri, azərbaycanlılar, diaspor təşkilatı rəhbərlərinin iştirak etdiyi konfransda həmvətənlərimiz arasında daha güclü əlaqələndirmənin zəruri olduğunu bildirilib. F.Muradov azərbaycanlıların diaspor təşkilatlarının daim ölkə başçısının nəzərində olduğunu və bu istiqamətdə verilən tapşırıqları diqqətə çatdırıb.
Konfransda Dövlət Komitəsinin yeni yazılmış himni və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirilib, habelə qurumun yenilənmiş saytı və sosial şəbəkələrdəki hesabları barədə məlumat verilib.
Konfransda İsveç, Norveç, Finlandiya və Danimarkadakı Azərbaycan diaspor təşkilatlarının və soydaşlarımızın daha konstruktiv, məqsədyönlü, aktiv və koordinasiyalı fəaliyyətini təmin etmək məqsədi ilə İsveçdə Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması haqqında qərar qəbul olunub.
"Finlandiya Azərbaycan-Türk gənclər təşkilatının" sədri Ülviyyə Cabbarova, İsveçdə fəaliyyət göstərən yazıçı, SAF təşkilatının üzvü Eluca Atalı, İsveç Azərbaycanlıları Konqresinin üzvü Sara Eveberqer, Norveçdə fəaliyyət göstərən "Can Azərbaycan" təşkilatın rəhbəri Şervin Nəcəfpur Koordinasiya Şurasının əlaqələndiricisi seçiliblər.