BAKI, 7 noyabr — Sputnik. Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından gələn BA 999 KU dövlət nömrə nişanlı "Mercedes Benz" və 90 CD 920 dövlət nömrə nişanlı "SETRA S215 HD" markalı avtobusların sərnişinləri, Ərbəin (Kərbəla) ziyarətindən qayıdan Azərbaycan vətəndaşları — Süleyman Kərimov və Fairə Məmmədovaya məxsus əl yüklərinə baxış keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitsəindən məlumat verilib.
Məlumata görə, rentgen aparatından keçərkən S.Kərimovun əl yükünün içərisində rəngli fonda cizgilər müşahidə edilib. Yoxlama zamanı vətəndaşa məxsus 6 ədəd paketdə əvvəlcədən gömrük nəzarətinə bəyan olunmamış 15 ədəd "Samsung" markalı mobil telefon, 22 ədəd "Samsung" markalı mobil telefon üçün qulaqlıq, 18 ədəd üzərində "Samsung" yazılmış enerji yükləyicinin başlığı, 17 ədəd "USB" kabeli və mobil telefon üçün 72 ədəd aksessuar (telefon saxlamaq üçün dayaq) aşkar edilib.
F.Məmmədovanın əl yükündən isə gömrük nəzarətindən gizlədilmiş, aksiz markası olmayan 4200 ədəd "Cavallo" adlı siqaretlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.