BAKI, 6 noyabr — Sputnik. 2018-ci il 6 noyabr tarixində saat 15:29-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub. Bu barədə Sputnik Azərbaycan ANAMA-ya istinadən məlumat verir.
Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tovuz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının tapıldığı yerin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 06 noyabr 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Daşkəsən, Beyləqan, Biləsuvar, Bərdə, Cəlilabad, Füzuli, Tərtər, Tovuz, Qazax, Qax, Qaradağ, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Şəmkir, Salyan, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 29 ev və həyətyanı sahəyə, 22 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 2 ferma ərazisinə, 17 otlaq sahəsinə, meşə massivinə, su kanalına, çay sahilinə, Ağstafa su anbarının ətrafına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, dəmiryolu xəttinin yaxınlığına, elektrik deposuna, orta məktəbin və təhsil şöbəsinin zirzəmisinə, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Avtovağzal ərazisinə, hava limanı ərazisinə, Yuxarı Qarabağ kanalına, "ADY Container" MMC-nin inzibati ərazisinə, SHXÇDX-nin anbarına, Qarqar çayına, Araz su nasosu stansiyasının yaxınlığına, beton zavod və bazar ərazisinə baxış keçirilmiş, 5,288 ədəd partlamamış hərbi sursat, 1 ədəd silah, 2 ədəd piyada əleyhinə mina, 10 ədəd tank əleyhinə mina və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilmiş, 396,703kv.m ərazi yoxlanılıb.