BAKI, 6 noyabr — Sputnik. Bakı şəhərində parklanma ilə bağlı ciddi problemlər, pərakəndəlik və özbaşınalıq hökm sürür. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov özünün "Facebook" səhifəsində yazıb.
O bildirib ki, ötən gün bu məsələ ilə bağlı bir qadın sürücü müraciət edib: "Adının hallanmasını istəməyən bir xanım sürücü deyir ki, parklanma yerindən 10-15 dəqiqə istifadə etdikdən sonra "nəzarətçi" ona yaxınlaşıb deyib ki, "ödəniş etməmisiniz, ona görə də 40 manat cərimə olunursunuz". Hətta, bu adam xanıma hansısa kağız da uzadırmış ki, "alın və elə indi cəriməni ödəməlisiniz"".
"Adam, hətta polis çağırıb xanımın bölməyə aparılacağı ilə də hədələyirmiş. Uzun mübahisədən və ətrafdakıların da müdaxiləsindən sonra hər hansı ödəniş edilmədən söhbət bitib. Xəbər məni çox təəccübləndirdi. Buna bənzər məlumatları çox eşitmişik. Yəqin siz də eşitmisiniz. Ödəniş etməyənləri cərimə ilə hədələyrilər və s." - deyə ekspert qeyd edib.
Hüseynovun sözlərinə görə, hazırda Bakıda parklanma yerlərinin təşkili və idarə edilməsi səlahiyyəti Bakı Nəqliyyat Agentliyinə (BNA) -ya məxsusdur: "Küçələrdə park nəzarətçisi kimi gördüyünüz adamların kimliyi, hansı qurumu təmsil etdiyi isə aydın deyil, çünki parklanma yerləri bu Agentliyə təhvil verilməyib. Başqa sözlə, parklanma yerlərinin aydın hüquqi statusu yoxdur. Onların siyahısı, təşkili barədə səlahiyyətli qurumun qərarı, tutumu (park yerlərinin sayı) bəlli deyil".
Hüquqşünas əlavə edib ki, parklanmaya görə ödənişin məbləği də müəyyən edilməyib: "Sizdən tələb olunan və alınan pullar hamısı qanunsuzdur, hara, kimin cibinə getdiyi aydın deyil. Ödəniş etməməyə görə cərimə tələbi isə digər tərkib əlamətləri də olduqda cinayət sayıla bilər. Belə halla rastlaşanda dərhal polisin təhqiqat və istintaq bölmələrinə (DYP-yə yox) müraciət edin".
Ə.Hüseynovun fikrincə, bu xaosa son qoyulması da çox gecikir: "Parklanma yerlərinin BNA-ya təhvil verilməsi müddəti bir neçə ay əvvəl bitsə də, bu, hələ də baş verməyib. Təcili olaraq bu iş yekunlaşdırılmalı, qanunvericiliyə uyğun ödəniş qiymətləri və şərtləri də rəsmən təsdiqlənməklə normal parklanma təsərrüfatı yaradılmlıdır".