İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 6 noyabr — Sputnik. Çinar ağacı dünyanın ən uzunömürlü ağaclarından hesab olunur. Dözüm, vüqar və uzunömürlülük simvolu olan bu ağaclar 800-1000 il yaşamaq qabliyyətinə malikdir. Samux rayonunun Kolayır kəndi ərazisində ucalan çinar ağacının isə 1500 yaşı olduğu söylənilir.
Ağac haqqında Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan yerli sakinlər bildiriblər ki, rəvayətə görə, yeddinci əsrdə yaşamış Həzrəti Əli (1-ci imam, 4-cü Rəşidi xəlifəsi Əli ibn Əbu Talib) Azərbaycana gəlişi zamanı bu ərazilərdə olub və onun atının ayaq izi çinarın üstündə qalıb. O səbəbdən də İmam Əlinin atının adı ilə "Düldül" adlandırılan bu möhtəşəm çinar müqəddəs sayılaraq, ziyarətgaha çevrilib.
Kənd sakini Musa Hüseynov Azərbaycanın hər yerindən çinarın ziyarətinə gələnlərin olduğunu söyləyir: "Rəvayət var ki, Həzrəti Əli Azərbaycana səfər edib və bu ərazilərdə olub, Düldül adlı atını çinarın kölgəsinə bağlayıb. Düldül adı elə buradan meydana gəlib".
"Ağacın aşağı hissəsində bir oyuq var. Deyilənə görə, bu, Düldülün ayaq izidir. İnsanlar da bunu belə qəbul edib, tək Samuxdan deyil, ətraf rayonlardan, hətta Bakıdan da bu ağacın ziyarətinə gəlirlər" - müsahibimiz danışır.
At nalının yerini göstərən M.Hüseynov ziyarətə gələnlərin niyyət tutub, ağacın budaqlarına yaylıq, dəsmal bağladıqlarını, istəkləri qəbul olduqda isə, yenidən gələrək qurban kəsib, ehsan payladıqlarını deyir.
Sputnik Azərbaycan-ın bölgə müxbiri sözügedən çinar ağacının elmi cəhətdən özəlliklərini də araşdırıb. Bu barədə isə Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Arif Qazıyev məlumat verib.
A.Qazıyev, elmi mənbələrdə adı "Platanus Orientalis" kimi çəkilən, ölkəmizdə isə "Şərq çinarı" adlandırılan çinarın ən uzunömürlü ağac növlərindən olduğunu bildirib: "Çinar ağacı həmişə öz forması, əzəməti ilə insanların marağını cəlb edib. İnsanlarımız çinarı müqəddəs sayaraq, onu qırmağı, yandırmağı günah hesab ediblər".
"Hətta, Gəncəbasar bölgəsində əzəmətli görkəmi ilə ucalıq, məğrurluq rəmzi olaraq ona "Xan çinar" da deyirlər. Ümumiyyətlə, həm görünüşü, həm də təbiətə verdiyi faydasına görə elmi nəzərdən də çox maraqlı bitki olaraq qəbul olunur, biyaban, park salınmasında geniş istifadə olunur" - dosent qeyd edib.
Düldül çinarın yaşına gəlincə isə, A.Qazıyev bu ağacın 1500 deyil, 700-800 il aralığında yaşı olduğunu təxmin edir: "Ağacın gövdəsinə baxsaq, heç bir kəsintinin, qopmanın olmadığını aydın görürük. Ağac boy atdıqca gövdəsinin eninə görə həlqələr əmələ gəlir. Elmi yolla, yəni bir il ərzində bu ağaclarda neçə həlqə əmələ gəldiyini hesablayıb, qənaətə gəlmişik ki, Düldül çinar kimi tanınan bu ağacın, haradasa, 700 yaşı var".