BAKI, 5 noyabr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində, Bakıda məhbusların qaçmasına yardım göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib. Sputnik Azərbaycan xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Kəngərli çıxış edib.
Prokuror çıxışında təqsirləndirilənlər - müğənni Fədayə Laçının 6 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri - Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun 8 il, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il və Əli Ağaminin (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Sputnik Azərbaycan-a açıqlamasında müğənni Fədayə Laçının vəkili Türkel Süleymanlı bildirib ki, bu məsələ ilə bağlı hələlik münasibət bildirmək istəmir: "Maraqlıdır, heç bir halda istintaqdan yayınmayan Fədayə Laçın üçün 6 illik həbs cəzasının istənilməsi çox deyilmi? Bu məsələ ilə bağlı 7 noyabr, 2018-ci il tarixində çıxış edəcəyəm. Həmin çıxışın yazılı məlumatını media nümayəndələrinə göndərəcəyəm".
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.