BAKI, 4 noyabr — Sputnik. Tayvanın informasiya texnologiyaları şirkətinin baş direktoru Saymon Şenin həyat yoldaşı ondan bütün vaxtını həsr etdiyi texnoloji layihələrin nə olduğunu soruşub. S.Şen xanımına daim gözəl qalmağa kömək edəcək səs köməkçisi ilə təchiz edilmiş güzgünü layihələşdirdiyini deyib.
AZƏRTAC xəbər verir ki, “HiMirror Mini Premium” sensor ekrana və yüksək keyfiyyətli kameraya malik planşet kimi işləyir. Qurğu sifətin əksini göstərməklə yanaşı, şəkilə real vaxt rejimində müxtəlif effektlər əlavə edə bilir. Onun “ağıllı” olmasının əsasında dəridə qırışlar, ləkələr, nahamarlıq, dəri məsamələri, sifətin xəstə görünüşü, nəmlənmə və piqmentasiya kimi vacib kosmetik qüsurların tanınması üçün yaradılmış “Skin Analysis Engine X” xüsusi xidməti dayanır. Qeydə alınmış qüsur ekranda əks olunur.
“Ağıllı” güzgünün 3 əsas vəzifəsi vardır: istifadəçinin sifətindəki kosmetik çatışmazlıqları göstərmək, onların aradan qaldırılması üçün vasitələri təklif etmək və bu qüsurları makiyajın köməyi ilə gizlətmək yollarını təqdim edir.
Bu il noyabrın 5-də satışa çıxarılacaq güzgünün qiyməti 300 ABŞ dolları təşkil edir.