BAKI, 3 noyabr — Sputnik. Azərbaycanda ailə institutunun çağdaş problemləri Mingəçevirdə gündəmə gətirilib. "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində "Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda debat keçirilib.
Layihənin rəhbəri, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyin sədri Ülkər Abdullayeva qeyd edib ki, Azərbaycan xalqı üçün ailə hər zaman vacib bir institut rolunu oynayıb. Azərbaycanlılar ailəsiz özlərini təsəvvür etməyiblər və hər zaman nümunəvi ailəyə sahib olmağa çalışıblar. Ancaq müasir informasiya texnologiyalarının inkişafı, dünyada yeni sosial münasibətlər sisteminin formalaşması, sənaye dövründən informasiya dövrünə keçid ölkəmizin mövcud ailə modelinə təsirsiz ötüşməyib. Son illərin statistikasını izləyərkən məlum olur ki, ölkəmizdə nikahların sayı getdikcə azalsa da, boşanmaların sayı artır. Hadisələrin bu cür inkişafı informasiya dövrünün özü ilə gətirdiyi reallıqdır. Lakin bu, klassik ailə modellərinin sıradan çıxmasına və dolayısı ilə ailə institutunun sarsılmasına səbəb olur.
QHT sədri problemin aktuallığını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsini həyata keçirdiklərini vurğulayıb. Klassik ailə dedikdə nənə-babadan tutmuş nəvələrə qədər hər kəsin əl-ələ verərək, yardımlaşaraq, bir-birinə qarşılıqlı sevgi və hörmət bəsləyərək, sevinc və kədəri bölüşərək birgə yaşadıqları geniş ailə institutunu nəzərdə tutduqlarını deyib. Layihə rəhbəri ailələrin dağılma səbəblərindən tutmuş uşaqlara alimentin ödənilməməsinə, ailədaxili zorakılıqlara qədər ətraflı bəhs edib. O, respublikanın önəmli şəhərlərindən olan Mingəçevirdə bu debatı təşkil etməklə, yerli sakinlərin diqqətini müasir ailələrin problemlərinə yönəltmək istədiklərini bildirib.
Mingəçevir Turizm Kollecinin müəllimi Eldar Bərişovun fikrincə, hazırda ailələrdə başlıca problem gənclərin ailə böyüklərinın məsləhət və tövsiyyələrinə məhəl qoymaması, onların təcrübələrindən bəhrələnmək istəməməsidir. Pedaqoq hesab edir ki, ilk növbədə müstəqil yaşamağa üstünlük verən gənc ailələrdə anlaşılmazlıqlar, xoşagəlməz sonluqla bitən münaqişələr çox olur. Klassik ailələrdə adətən gənclərin təcrübəsizliyindən irəli gələn bu cür problemləri ailə böyükləri öz təcrübələrdən çıxış edərək həll edərdilər. Bərişov sosial şəbəkələrin, mobil tətbiqlərin, teleserialların ailələrimiz üzərində ciddi neqativ təsirə malik olduğunu, gadjetlərdən səmərəli istifadənin təbliğinin vacibliyini dilə gətirib.
Debatda gənclər xüsusi fəallıq nümayiş etdiriblər. Qonaq gedərkən belə ilk olaraq evdə Wi-Fi-ın olub-olmadığının soruşulduğunu, xüsusilə gənclərin canlı ünsiyyətdən qaçdığını, özlərinə qapandığını, yaşlı nəslin tövsiyələrini qəbul etmək istəmədiyini qeyd ediblər. Onlar başda yerli telekanallar olmaqla KİV-dən ancaq neqativ enerji aldıqlarını deyiblər.
Tədbir iştirakçıları bu aktual mövzunu gündəmə gətirdiyi üçün "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinə təşəkkür ediblər. Belə maarifləndirici tədbirlərin ölkənin hər yerində keçirilməsinin, KİV-də geniş işıqlandırılmasının vacib olduğunu deyiblər.