BAKI, 2 noyabr — Sputnik. Rəsmi Vaşinqton sanksiyalara baxmayaraq İran neftini almağa davam etmələri üçün 8 ölkəyə güzəştə gedib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bloomberg" nəşrinə ABŞ Administrasiyasından olan mənbə bildirib.
Agentlik hələlik sözü gedən ölkələrin adların hamısını açıqlamayıb. Lakin onlar arasında Türkiyə, Yaponiya, Hindistan və Cənubi Koreyanın adının olduğu məlumdur.
Mənbə vurğulayıb ki, bu güzəştlər qarşılığında ölkələr neftin qiymətinin artmasının qarşısını almaq üçün neft idxalını azaltmalıdır.
Qərarın bu gün rəsmi olaraq elan olunması gözlənilir.
Qeyd edək ki, mayın 8-i ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə razılaşmasından çıxdığını və sanksiyalar tətbiq edəcəyini bildirib. Sanksiyalar noyabrın 4-ü qüvvəyə minəcək və ölkənin enerji sektorunu əhatə edəcək.