BAKI, 1 noyabr — Sputnik. Bu günə kimi alimlərin müzakirə etdiyi və hələ də onlar üçün müəmmalı qalan məsələlərdən biri də məşhur Misir ehramlarının necə tikilməsidir.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, son bu günə qədər də bir çox nəzəriyyələr irəli sürülsə də, ehramlarım necə tikildiyi hələ də sirr olaraq qalır. Amma deyəsən, son araşdırmalar nəticəsində Misir ehramlarının tikilmə sirri açılmaqdadır.
Arxeoloqlar Misirin şərq hissəsindəki Hatnubda arxeoloji araşdırmalar zamanı antik daş karxanasında xüsusi sistem tapıblar. Onlar bu sistemin Misir ehramları ilə bağlı olduğunu düşünürlər.
Alimlərə görə, bu mexanizm ağır mərmər daşların dik rampadan (ağır əşyaların üzüyuxarı daşınması üçün körpüyə bənzəyən xüsusi vasitə) daşınması üçün istifadə edilə bilər. Təxmin edilir ki, Böyük ehramlar məhz bu vasitə ilə tikilib. Araşdırmaçılar qrupunun rəhbəri Yannis Qordon açıqlamasında bildirib ki, bu cür sistemə başqa heç yerdə rast gəlməyib.
Böyük piramida Misir piramidaların ən nəhəngidir. Piramidanın inşası zamanı istifadə olunan daşları nəzərə alınsa, bu rampanın uzunluğunun 1,5 kilometrə çatdığı, ehram hündürlüyündə olduğunu söyləmək olar.