Azərbaycan xaricə balıq məhsulları ixrac edəcək

CC0 / Gellinger / fishDəniz məhsulları, arxiv şəkli
Dəniz məhsulları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mehman Axundov vurğulayıb ki, marikulturanın inkişafı üçün Xəzər dənizinin sahilyanı rayonlarında xarici ölkələrin biotexnologiya təcrübələrindən istifadə etməklə yüksək məhsuldarlı balıqçılıq təsərrüfatları yaradıla bilər

BAKI, 2 noyabr - Sputnik. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində “akvakultura ve marikulturanin ölkəmizdə inkişafı istiqamətində məqsədlər və gözlənilən nəticələr” mövzusunda mətbuat konfransı keçirilib. 

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətini rəhbəri İradə İbrahimova bildirib ki,  ölkəmizdə digər ekoloji problemlərlə yanaşı, balıq ehtiyatlarının tükənmə təhlükəsinin olması da hər kəsə məlumdur: “Bu gün ən vacib və ən aktual məsələ Xəzər dənizindəki balıq növlərinin, xüsusən də nəsli kəsilməkdə olan nərə cinsli balıqların azalmasının qarşısını almaq və artımına nail olmaqdır”.

İbrahimovanın sözlərinə görə, bunun üçün əsas çıxış yollarından biri də bütün dünyada olduğu kimi, ölkəmizdə də təbii və süni su hövzələrində sivil və müasir fermaların yaradılmasıdır. Bu cür balıqçılıq fermalarının yaradılması əhalinin qida zəncirində balıq məhsullarının yer almasına, qiymətinin ucuzlaşmasına, həm də regionlarda iş yerlərinin açılmasına səbəb olar. 

© Sputnik / Irade JELILEkologiya və Təbii Sərvətlər Nazirliyində “akvakultura ve marikulturanin ölkəmizdə inkişafı istiqamətində məqsədlər və gözlənilən nəticələr” mövzusunda mətbuat konfransı keçirildi
Azərbaycan xaricə balıq məhsulları ixrac edəcək - Sputnik Azərbaycan
Ekologiya və Təbii Sərvətlər Nazirliyində “akvakultura ve marikulturanin ölkəmizdə inkişafı istiqamətində məqsədlər və gözlənilən nəticələr” mövzusunda mətbuat konfransı keçirildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tətqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun  direktoru  Mehman Axundov isə qeyd edib ki, Xəzər dənizində bioloji resursların tükənmə təhlükəsini və brakonyerliyi nəzərə alaraq, ölkəmizdə və Xəzəryanı regionda akvakulturanı inkişaf etdirmək və əhalinin yeni fəaliyyət növü olan marikulturaya cəlb etmək lazımdır. Bununla da qanunsuz balıq ovunun azalmasına və Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər. 

M.Axundov bildirib ki,  hələlik ölkəmizdə balıq məhsullarının yetişdirilməsi və bazara çıxarılması kor-təbii xarakter daşıyır: “Amma çıxış yolları mövcuddur və bu sahədə ETSN tərəfindən tədbirlərə başlanılıb. Yəni Nazirlik tərəfindən təbii su hövzələrində daha səmərəli olan sivil fermaların yaradılmasına və akvakulturanın inkişafı hesabına dənizdə və digər su hövzələrində balıq növlərinin artırılmasına çalışılır. Hazırda bu sahənin inkişafı üçün dövlət proqramı hazırlanır. Bu da ölkəmizin balıqçılıq və akvakultura sektorunun inkişafına təkan verilməsi üçün imkan yaradacaq.

“Ölkəmizdə şirin su və kənd təsərrüfatı istehsalı üçün torpaq ehtiyatlarının məhdud olduğunu nəzərə alaraq, balıq yetişdirmə fəaliyyətinin genişləndirilməsi daha çox Xəzər dənizində marikulturanın gələcək inkişafı ilə bağlı olacaq. Əhalinin balığa olan tələbatının təmin edilməsi proqramı çərçivəsində  Xəzər dənizinin Azərbaycana aid sularında marikulturanın inkişaf etdirilməsi məqsədilə qəfəs tipli balıq təsərrüfatlarının yaradılmasına geniş imkanlar var” – deyə direktor əlavə edib. 

Mehman Axundov vurğulayıb ki, marikulturanın inkişafı üçün Xəzər dənizinin sahilyanı rayonlarında xarici ölkələrin biotexnologiya təcrübələrindən istifadə etməklə yüksək məhsuldarlı balıqçılıq təsərrüfatları yaradıla bilər. Balıqçılıq və akvakultura sektorunun inkişafı üçün  beynəlxalq standartlara, qabaqcıl təcrübəyə və sazişlərə uyğunluq təmin edilməlidir. Akvakultura və Marikultura sahəsinin davamlı inkişafı Azərbaycanın kənd ərazilərində yeni iş yerlərinin və alternativ gəlir mənbələrinin yaranmasına səbəb olar, ölkə əhalisinin sosial vəziyyətinə və sağlamlığına, ərzaq təhlükəsizliyi məsələlərinin həllinə müsbət təsir göstərə bilər.

“Araşdırmalara əsasən deyə bilərik ki, yaxın zamanlarda əhalinin balıq ovçuluğundan akvakultura və marikultura fəaliyyətinə yönəldilməsi əvvəlcə sənaye balıq ovu ilə məşğul olan balıqçıların gəlirlərinin artmasına səbəb olacaq və həmçinin ölkəmizdə balıq məhsullarına olan daxili tələbat tam ödənəcək. Hətta hesablamalara görə, məhsuldarlıq oqədər artıq olacaq ki, qarşıdakı illərdə yetişdirilən balıq məhsullarını xaricə ixrac etmək mümkün olacaq. Bizim əsas prioritetlərimiz və məqsədimiz budur” – deyə direktor çıxışını yekunlaşdırıb.

Xəbər lenti
0