Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 31 oktyabr — Sputnik. Azərbaycanda tələbə biletinin yeni vahid standartının təsdiq edilməsi, onun əsasında yeni tipli tələbə biletlərinin hazırlanması və ölkədə təhsil alan bütün tələbələrə təqdim olunması nəzərdən keçiriləcək. Bu biletlər beynəlxalq standartlara ("International Student Identity Card" – ISIC standartlarına) uyğun olmalı, həm tələbəlik sənədi, həm də debet ödəniş kartı funksiyalarını özündə birləşdirməlidir.
İstər dövlət, istərsə də özəl tədris müəssisələri tərəfindən ödənilən təqaüdlər həmin kartlar vasitəsilə veriləcək. Bu, "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda əksini tapıb.
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında yeni tipli tələbə biletlərinin hazırlanmasını müsbət qiymətləndirib: "Ümumiyyətlə, çoxsaylı sənədlərdən imtina etməyə çalışmaq lazımdır. Əgər bir kart ilə bir neçə funksiyanı yerinə yetirmək mümkündürsə, bu, daha yaxşıdır. Bu yenilik həm də vaxt itkisinin qarşısını alacaq".
"Hazırda tranzaksiya məsrəfləri çox olmayan ölkələr qabaqcıldır. Əqdlər bağlananda daha az vaxt aparır. Smart kartlarının verilməsi həm ali məktəblərin iş yükünü azaldacaq, həm də tələbələr üçün rahat olacaq. Smart ödənişlər Avropada da geniş yayılıb" - deyə Həsənov bildirib.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev isə Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda smart ödənişlərin genişləndirilməsinin məqsədi nağdsız hesablaşmaların səviyyəsini artırmaqdır: "Məqsəd gələcəkdə ölkəmizdə nağdsız hesablaşmaları 80 faizə çatdırmaqdır. Ona görə bu addımlar atılır".
Qeyd edək ki, smart ödənişlərin genişləndirilməsi üçün bu Dövlət Proqramı çərçivəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdən biri tələbələrə smart tələbə kartlarının verilməsinin nəzərdən keçirilməsidir.