Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 31 oktyabr — Sputnik. Bakıda müxtəlif toylarda və tədbirlərdə çıxış edən musiqiçilər baykot elan ediblər. Onların narazılığına bir neçə səbəb var. Bura qonararın aşağı olması və onların əməyinin istismarı da daxildir. Bir qrup musiqiçi öz problemlərini cəmiyyətə çatdırmaq üçün Sputnik Azərbaycan-a müraciət ediblər. Baykotun təşkilatçısı bir çox tanınmış Azərbaycan ulduzları ilə eyni səhnəni paylaşmış sintezator ifaçısı Müşfiq Comərdlidir.
Onun sözlərinə görə, artıq öz həmkarlarına qarşı olan ədalətsizliyə dözə bilmir və bu barədə hamıya danışmağa qərar verib. Musiqiçi onların əməyini istismar edən hər kəsə qarşı mübarizə aparmağı düşünür.
Yaranan çətin vəziyyətdə isə Comərdli bir sıra gənc həmkarlarını günahkar hesab edir: "Əgər musiqiçinin adı mərasimlərdə salatlarla, göyərtilərlə, kabablarla eyni menyuya daxil edilirsə, ona heç bir hörmət qoyulmayacaq və heç bir dəyəri olmayacaq. Biz öz haqlarımızı tələb edirik. Bundan sonra bizə, ən azı günlük 50 manat qonorar ödəməyən restoranlarda çıxış etməyəcəyik. Eyni zamanda, Musiqiçilər Birliyi yaratmaq istəyirik ki, kimsə bizim hüquqlarımızı tapdaya bilməsin".
O qeyd edib ki, belə ədalətsizlik, bəziləri istisna olmaqla, ölkənin əksər restoranlarında baş verir. Comərdli həmkarlarına kömək etmək üçün mümkün olan hər şeyi edir. Müxtəlif yerlərdə fəaliyyət göstərən musiqiçiləri bir yerə toplayır.
"Qarmon ifaçısı Rövşən Həsənov da bizə qoşulub. Onun musiqi sahəsində böyük təcrübəsi var. Ölkənin bir çox tanınmış müğənniləri ilə çalışıb. Özünün dediyinə görə, uzun müddət baş verən vəziyyətlə barışmalı olublar. Çünki heç kim öz sözünü deməyə risk etməyib və qazandığı ilə qane olub. Mən öz həmkarlarımı günahlandırmıram. Çünki hamı öz ailəsini dolandırmaq üçün çalışır" - deyə Comərdli vurğulayıb.
Musahibimizin sözlərinə görə, belə bir problemin yaranmasında günahkar qeyri-peşəkar musiqçilərdir: "Onlar təsadüfən bu sahəyə düşüblər. Məhz belə insanlar bizim sənətimizi dəyərsizləşdirirlər. Xüsusən də, bölgələrdən olan musiqiçi axını. Biz bütün həyatımızı yaradıcılığa həsr etmişik və hər şeyə nail olmaq üçün güc sərf etmişik. Buna görə də hamı birləşib, öz haqqını tələb etməyə qərar verib".
Qarmon ifaçısı R.Həsənov da qeyd edib ki, onların məqsədi cəmiyyətə musiqiçilərə dəyər verməyin vacib olduğu fikrini çatdırmaqdır: "Axı, biz müasir zamanda yaşayırıq, quldarlıq dövründə deyil. Bizim aksiyamız və baykot qərarı ölkənin prestijli məkanlarına aid deyil. Çünki belə restoranlarda ifaçıların qonarı menyuya daxil edilmir. Toy sahibləri özləri musiqçi və müğənniləri dəvət edirlər".
"Biz orta gəlirli insanlar üçün nəzərdə tutulmuş müəssisələrə qarşı baykot elan edirik. Demək olar ki, bu məkanlarda hər gün toy təşkil olunur. Belə müəssisələrdə musiqiçilərin qonorarı menyuya daxil edilir. Və buna görə də sonda musiqiçiyə gülünc məbləğdə qonorar düşür. Məsələn, gecənin sonunda ifaçılar müğənni ilə birlikdə 90 manat alırlar. Bu ki, gülməlidir" - deyə Həsənov vurğulayıb.
O bildirib ki, həmkarları ilə birlikdə sona qədər mübarizə aparmaqda qərarlıdırlar: "Sevindirici haldır ki, artıq bir çox restoranlar bizimlə razılığa gəlib, dəyişiklik etməyi düşünür. Hesab edirik ki, digər müəssisələrlə də razılığa gələ biləcəyik".
Sputnik Azərbaycan problemlə əlaqədar ölkənin bir çox restoranlarına da müraciət edib. Ölkənin prestijli restoranlarından bildirilib ki, onlar öncədən musiqiçilərlə aylıq əmək haqqı danışırlar və yaxud toy sahibləri özləri görməyi arzuladıqları musiqçiləri dəvət edirlər. Buna görə də onlarla musiqiçilər arasında heç vaxt problem yaşanmır.
Orta gəlirli insanlar üçün nəzərdə tutulmuş restoranlarda isə hesab edirlər ki, musiqiçilərin toyları baykot qərarı doğru addım deyil. Restoran sahiblərinin sözlərinə görə, musiqiçilər üçün əlavə qonorar tələb etdikdə, müştərilər restoranda toy etməkdən imtina edirlər.
Bütün hallarda, müraciət etdiyimiz restoranların təmsilçiləri musiqçilərin narazılığına səbəb olan məsələni daxildə müzakirə edəcəklərini bildiriblər.