Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 31 oktyabr — Sputnik. Dörd yaşlı oğlan uşağı çaqqalın hücumuna məruz qalıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə Lənkəran rayonunun Şürük kəndində baş verib. Belə ki, Şürük kənd sakini 4 yaşlı Səbuhi Əzizov həyətdə uşaqlarla oynayarkən qəfildən kolluqlardan çıxan çaqqal ona hücum edib.
Səbuhinin əmisi Elnur Əzizovun Sputnik Azərabyacan-a verdiyi məlumata əsasən bu ərazilərdə çaqqallar ilk dəfədir ki, evlərə girib, insana hücum ediblər: "Səbuhi uşaqlarla öz həyətlərində oynayırmış, anası da evdə olub. Birdən anası uşağın qışqırığını eşidib və dərhal evdən çıxıb və həyətdə bir çaqqalın uşağa hücum etidiyini görüb. Çaqqal dişi ilə Səbuhinin sifətini cırıb, çənəsini cırmaqlayıb və ayağını dişləyib. Səbuhinin anası onu zorla çaqqalın əlindən ala bilib. Bəxtimiz gətirib ki, çaqqal uşağın boğazını dişləməyib".
E.Əzizov qeyd edib ki, dərhal 4 yaşlı Səbuhini xəstəxanaya aparıb quduzluq leyhinə vaksin vurdurublar. Evə qayıdandan sonra isə həmin çaqqal Səbuhinin anasına hücum edib. "Bu da yetməyib Səbuhinin dayısı küçədə maşınını yuyarkən ona da hücum edib və o çaqqalı zorla qova bilib".
Qeyd edək ki, Səbuhinin anası və qohumları çaqqalın quduz olmasını düşünürlər. Çünki çaqqal yaşayış məskəninə tək girmir və insana tək hücum etmir.