BAKI, 31 oktyabr — Sputnik. 1-3 noyabr 2018-ci il tarixlərində Muzey Mərkəzində “Azerbaijan Fashion Week” (AFW) — ölkəmizin rəsmi moda həftəsinin 8-inci mövsümü keçiriləcək. AFW-nin 8-inci mövsümünün rəsmi sloqanı "Art meets fashion" kimi səslənir. Həftənin təşkilatçıları mövsümün əsas mövzusunu aydın ifadə edərək, həmçinin nümayişlər üçün əsas meydançanın seçimi ilə bunu bir daha vurğulamağa qərar veriblər.
Modaya xas olan yaradıcı başlanğıca baxmayaraq, ilkin olaraq, o, yalnız kommersiya mahiyyətinə əsaslanan istehlak məhsulu kimi qəbul edilirdi. İncəsənət isə, daha yüksək estetik sahəyə aid olunurdu. Bu gün isə ilk növbədə əl ilə yaradılan və kütləvi istehlak üçün nəzərdə tutulmayan yüksək moda, ümumiyyətlə, sənətin ayrı bir sahəsi hesab olunur. Muzeylərdə getdikcə daha çox moda sərgilərinin keçirilməsi faktı isə sənət və moda arasında olan sərhədlərin daha da çox silinməsinə səbəb olur.
Azərbaycan Moda Həftəsinin 8-inci mövsümünün əsas vizual obrazları kimi, müəllifin razılığı ilə, Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq fəlsəfəsi doktoru və Rusiya İmperator Akademiyasının fəxri akademiki Rəşad Mehdiyevin əsərlərindən istifadə edilib. Qadın — onun siması, cəmiyyətdəki və yaradıcılıq prosesindəki, həmçinin ilham mənbəyi kimi rolu qarşıdakı həftənin hörmətli qonaqlarından biri olacaq bu istedadlı müasir rəssamın işlərində əsas yerlərdən birini tutur.
Səkkizinci mövsümün iştirakçıları Kaftan, Aygün Talıbova, Çəkməçi, Meeamee, “SK collection”, Aya Bapani, Mak Mari, A.Sain, NUBI Couture, La Veine, Noora, Elian Couture, Zherebtsov, Ayşən Həbibova kimi dizaynerlər və markalar olacaqlar. Azərbaycan, Qazaxıstan, Gürcüstan və Tacikistandan olan dizaynerlər 2019-cu ilin yaz-yay mövsümünün ən son kolleksiyalarını qonaqlara təqdim edəcəklər.
Əsas nümayiş proqramı ilə yanaşı, ənənəvi hala çevrilən “Showroom АFW” də təşkil olunacaq. “Showroom АFW”nin əsas məqsədi butik sahibləri və bayerlərə uzun-uzadı vasitəçi zəncirindən yan keçərək və axtarışlar üçün vaxt itirmədən dizaynerlərlə bilavasitə ünsiyyətə girmək, mövsümün yenilikləri barədə öyrənmək, yerində və zamanında öz brendini tapmaq, öz qarderobu üçün yeni geyim seçmək imkanı yaratmaqdır.
Tədbirlərin cədvəli, məkanların siyahısı, dizaynerlər haqda daha ətraflı http://www.afw.az/az saytından məlumat əldə edə bilərsiniz.
Qeyd edək ki, Sputnik Azərbaycan sözügedən moda həftəsinin informasiya tərəfdaşıdır.
Əlavə məlumat və akkreditasiya üçün: press@afw.az