CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Gəzən Akademiya" layihəsi Ağsunun Kalva kəndində balacaları sevindirib

Abunə olmaq
O bildirib ki, layihə çərçivəsində ilk tədbir Ağsu rayonunun Kalva kəndində baş tutub

BAKI, 29 oktyabr- Sputnik. Qadın və Uşaq Akademiyası İctimai Birliyi “GƏZƏN AKADEMİYA” layihəsinə start verib. Bu barədə Sputnik Azərbaycan-a İB-nin sərdi Sevinc Fədai məlumat verib. O bildirib ki, layihə çərçivəsində ilk tədbir Ağsu rayonunun Kalva kəndində baş tutub. 

S.Fədai “GƏZƏN AKADEMİYA” layihəsi barəsində ətraflı məlumat da verib: “Qadın və uşaqları sağlam düşüncəyə yönəldən yolu göstərən, elm, təhsil, dünyagörüş qazanmağa, ali dəyərlərə xidmət edən həyat yaşamağa, özünə inanmağa, güvənməyə səsləyən yazılar yazanda deyirdilər ki, ondansa insanları maarifləndirin. Əslində, elə bizim də məqsədimiz bu idi. Yaxud deyirdilər ki, sizin xitab etdiyiniz kəsim sizi oxumur, onların bütün bu yazılanlardan xəbəri yoxdur. Bu, bizi də düşündürürdü. Və nə qədər çətin də olsa, bunun da bir yolu var və biz o yola çıxdıq”.

“Qadın və Uşaq Akademiyası İB olaraq başlatdığımız “GƏZƏN AKADEMİYA” layihəsi adı altında səsimizi eşitdirə bilmədiyimiz adamların cəm olduğu, bizi narahat edən məsələlərin daha çox hökm sürdüyü yerlərə – ən ucqarlara özümüz gedəcəyik. Onlarla şəxsən görüşüb söhbətləşəcək, müsbətə doğru dəyişiklik üçün əlimizdən gələni edəcəyik. Düşünürük ki, sağlam fikir formalaşdırmaq, elmə, təhsilə maraq yaratmaq, psixoloji problemləri aradan qaldırmağa az yaşdan başlamaq lazımdır, elə ona görə də layihəmizin ilk təsir göstərmək istədiyi qrup uşaqlar olacaq” – deyə İB sədri əlavə edib. 

© Facebook / Qadın və Uşaq Akademiyası İctimai BirliyiQadın və Uşaq Akademiyası Ağsunun Kalva kəndində
Gəzən Akademiya layihəsi Ağsunun Kalva kəndində balacaları sevindirib - Sputnik Azərbaycan
Qadın və Uşaq Akademiyası Ağsunun Kalva kəndində

O vurğulayıb ki, elə bu məqsədlə də ilk olaraq Ağsunun Kalva kəndinə yola düşüblər: “Kənd sakinləri, balacaları, eləcə də Sübhan Şükürov adına Kalva kənd orta məktəbinin şagirdləri və valideynləri ilə görüşərək uşaqların psixoloji sağlamlığı, düzgün yetişdirilmək və təhsillə bağlı hansı problemlərinin, hansı dərslərində boşluqların, zəif nöqtələrinin olduğu ilə maraqlandıq. Nəticədə layihəmizi daha da təkmilləşdirərək icrasına başlayacaq və həmin zəif məqamları aradan qaldıraraq uşaqların bu gününə və gələcəyinə töhfə verməyə çalışacağıq. Ümid edirik ki, bu addımımız gələcəyin sağlam düşüncəli cəmiyyətini qurmağa yardımçı olacaq. Sevindiricidir ki, məktəbin gənc müəllimi Elgün Əfəndiyev və valideynlər fikir və ideyalarımıza müsbət reaksiya verdilər və onlar da bu yolda bizim yanımızda olacaqlar. Onları sadəcə öz beyinlərinin gücünə, bacaracaqlarına inandırmaq, stimul, həvəsləndirmə, onların daxili potensialını, istedadını kəşf etmək və düzgün istiqamətləndirmək lazımdır. Vaxt, səbr, istək lazımdır. Elə biz də bunun üçünük”.

S.Fədai əlavə edib ki, layihənin detalları barədə tezliklə ictimaiyyətə geniş məlumat veriləcək: “O da sevindiricidir ki, biz tək deyilik. Layihəmizi həyata keçirmək yolunda bizə dəstək olan, uşaqları kitab, qələm, metodik vəsaitlər, dərs ləvazimatları ilə sevindirməyimizə imkan yaradan dəyərli ziyalılarımıza təşəkkürümüzü bildiririk. İnsanımıza dəyər verir və bunu hiss etdirmək istəyirik. Elə buna görə də “Sevgi və bilgi ilə aydın cəmiyyətə doğru” deyib yola çıxdıq. Bu yolda yanımızda olan, mənəvi və maddi köməyini əsirgəməyən hər kəsə minnətdarıq. Həyatına sevgi ilə, bilgi ilə, kitabla toxunduğunuz uşaqlar sizə minnətdardır!”

Xəbər lenti
0