BAKI, 28 oktyabr – Sputnik. İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkel, Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Suriya mövzusunda dördtərəfli zirvə görüşü keçirilib.
Sputnik Azərbaycan Anadolu agentliyinə istinadla xəbər verir ki, görüşdən sonra yayılan bəyannamədə Suriyada davamlı atəşkəsin önəmi vurğulanıb və tərəflər bunun üçün birgə səy göstərməkdə qərarlı olduqlarını ifadə ediblər. Türkiyə, Fransa, Rusiya və Almaniya Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyiblər.
“Türkiyə, Fransa, Rusiya və Almaniya liderləri Suriya münaqişəsinə dair son hadisələri nəzərdən keçirərək münaqişələrin istər region, istərsə də qlobal təhlükısizlik və sabitlik üçün doğurduğu təhdidlərdən ümumi qayğısını ifadə edir.
Onlar Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiklərini bir daha təsdiqləyirlər”, - sənəddə deyilir.
Sammitdə Suriyada siyasi nizamlama prosesi, təhlükəsizlik və sabitliyi möhkəmləndirmək istiqamətində atılması vacib olan addımlar, qaçqınların geri qayıtması üçün şərait yaradılması, ölkənin sosial-iqtisadi infrastrukturunun bərpası ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Rəcəb Tayyib Ərdoğan ilin sonunadək Suriyada konstitusiya komitəsinin formalaşdırılması işini başa çatdırmağa çağırıb.
Türkiyə, Rusiya, Almaniya, və Fransa liderləri zirvə görüşünün yekunlarına dair mətbuat üçün bəyanatlarla çıxış ediblər.