Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Banklar da hazırlaşır, əhali də: Yaxın müddətdə dollara tələbat artacaq

© Sputnik / Irade JELILМанаты и доллары, фото из архива
Манаты и доллары, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"İdxalda artımın olması daxili valyuta bazarlarında dollara tələbatı artıran əsas faktorlardan biridir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Ardıcıl altıncı aydır ki, Azərbaycanda banklar tərəfindən əhaliyə dollar satışı alışını üstələyir. Avqust ayında banklar tərəfindən əhaliyə 542,749 mln. dollar satılıb, bu müddətdə isə əhalidən 157,376 mln. dollar alınıb.

İyul ayı ilə müqayisədə xalis nağd dollar satışında 28 dəfə artım qeydə alınıb. Bu müddətdə nağd dollar alışı 10,3% azalıb, satışı isə 2,9 dəfə artıb. Bu barədə Mərkəzi Bankın məlumatında bildirilir.

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
Banklar da hazırlaşır, əhali də: Yaxın müddətdə dollara tələbat artacaq - Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, banklar tərəfindən əhaliyə nağd dollar satışının artmasında bir neçə faktor əsas rol oynayır: "İlk faktor ölkədə idxalın həcminin artmasıdır. 2018-ci ildə idxalın əhəmiyyətli səviyyədə artdığını müşahidə edirik. İdxalın ümumi artımı 20 faizə yaxındır. İdxalda artımın olması son nəticədə daxili valyuta bazarlarında dollara tələbatı artıran əsas faktorlardan biridir".

Onun sözlərinə görə, ikinci faktor son dövrlərdə, xüsusilə, avqust ayından etibarən qonşu ölkələrdəki valyuta bazarlarında gərginliyin və milli valyutalara təzyiqin artması ilə bağlıdır: "Bu, son nəticədə Azərbaycanda daxili bazarlarda manat üzərində təzyiq mühiti formalaşdırıb və istər-istəməz bazar iştirakçılarında manatın məzənnəsi ilə bağlı tərəddüd və şübhələri artırıb".

"Beləliklə, Mərkəzi Bank tərəfindən təşkil olunan depozit hərraclarında iştirak zamanı tələbin azalmasını müşahidə etdik. Bankların özü belə, manatla depozitlərə nisbətən daha az meyl göstərərək öz vəsaitlərini xarici valyutalarda yerləşdirməyə üstünlük verib. Eyni zamanda, vətəndaşlar və biznes subyektlərinin öz yığımlarının bir hissəsini xarici valyutaya çevirib saxlaması trendinin formalaşmasını gördük" — deyə ekspert bildirib.

R.Həsənov qeyd edib ki, son 4 ayda ABŞ dolları əhəmiyyətli səviyyədə öz mövqeyini dünya bazarlarında möhkəmləndirib: "Bu isə, son nəticədə yığımlarda ABŞ dollarına marağın artmasına gətirib çıxarıb. Bütövlükdə bu faktorlar son nəticədə banklar tərəfindən satılan xarici valyuta və ABŞ dolları həcminin əhəmiyyətli səviyyədə artmasına gətirib çıxarır".

İqtisadçı-ekspert Vüqar Bayramov da Sputnik Azərbaycan-a deyib ki, il ərzində bir sıra aylarda dollara tələbin daha yüksək olacağı proqnozlaşdırılıb: "Bu aylardan biri də avqust ayı olub və bu ayda dollara tələbin artması müşahidə edilib. Bu ilin noyabrın ikinci yarısında və dekabrda dollara tələbin yenidən yüksələcəyi proqnozlaşdırılıb".

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Banklar da hazırlaşır, əhali də: Yaxın müddətdə dollara tələbat artacaq - Sputnik Azərbaycan
Vüqar Bayramov

"Son monitorinqlər və təhlillər göstərir ki, Azərbaycanda banklar tərəfindən satılan dolların, təxminən, 90 faizi idxal üçün istifadə olunur. Son 9 ayın rəqəmləri də göstərir ki, Azərbaycanda idxalda artımlar var. İdxalın artması fonunda dollara tələb artır. Dollara tələbi artıran əsas faktorlardan biri məhz idxaldır. İdxal nə qədər artacaqsa, o qədər də dollara tələbin artması müşahidə olunacaq" — deyə o bildirib.

Mütəxəssisin fikrincə, ikinci faktor xüsusən də qonşu ölkələrdə əhalinin dollara tələbinin artmasıdır və bu, milli valyutaların məzənnələrində dəyişiklik fonunda baş verib: "2014-2015-ci illərdən fərqli olaraq, şəxsi yığımlar üçün dollara tələbin artması ümumi tələbə idxal qədər təsir göstərmir. İdxal yenə də dominantdır. Bu, onunla bağlıdır ki, banklarda, şirkətlərdə dollarlaşma prosesi yüksəkdir və onlar əvvəlki illərdə öz vəsaitlərinin əhəmiyyətli hissəsini xarici valyutaya çevirib".

"Amma buna rəğmən, yenə, xüsusən qonşu ölkələrdə valyutaların məzənnəsinin dəyişməsi fonunda əhalinin də dollara tələbinin artması müşahidə olunur. Bu, özünü daha çox avqust ayında göstərib. Bu kontekstdən əhalinin dollara tələbinin artması ümumi tələbi artıran əsas faktorlardan biridir" — Bayramov vurğulayıb.

Ekspertin qənaətincə, ilin sonuna doğru yenidən dollara tələbin artması müşahidə olunacaq: "İlin sonunda idxal artır. Xarici, dövlət və özəl müəssisələrin xarici borc öhdəlikləri var və onların dollara tələbi artır. O baxımdan, biz yenidən ilin sonuna Azərbaycanda dollara tələbin artacağını proqnozlaşdırırıq".

Xəbər lenti
0