BAKI, 26 oktyabr — Sputnik. Oktyabrın 25-nə keçən gecə saat 00:10 radələrində Bakı metrosunun "Avtovağzal" stansiyasında xidmət aparan Metropolitendə Polis Şöbəsinin əməkdaşlarına yaxınlaşan bir nəfər portmanatını itirdiyini bildirib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, polis məntəqəsinə dəvət olunan həmin şəxsin Rusiyadan ölkəmizə turist kimi gəlmiş Nikita Runkovski olduğu məlum olub. Paytaxtdakı hostellərin birində qaldığını deyən turist Şəkidən gələrkən portmanatını taksidə unutduğunu, gecələmək üçün pulu olmadığından ümid yeri kimi polisə müraciət etdiyini bildirib.
Polis əməkdaşları müəyyən məlumatları dəqiqləşdirdikdən sonra Nikitanı hostelə yerləşdiriblər və dərhal portmanatın tapılması üçün əməliyyat tədbirlərinə başlayıblar.
Bakı Beynəlxalq Avtovağzalına yollanan əməkdaşlar qısa vaxtda turistin gəldiyi taksini müəyyənləşdiriblər. Sürücü həqiqətən də portmanatın avtomobildə qaldığını deyib və onu polislərə təqdim edib.
Səhər tezdən Metropolitendə Polis Şöbəsinin rəhbərliyi Nikita Runkovski ilə əlaqə saxlayıb bu barədə məlumat verəndə o, həm sevinib, həm də təəccüblənib.
Rusiyalı turist belə operativliyə, peşəkarlığa, xüsusən də nəzakətli davranışa və xoş münasibətə görə polis əməkdaşlarına təşəkkürünü bildirib.